Xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri Elnur Məmmədov və Fariz Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Diplomatik xidmət orqanlarının əməkdaşlarından Musayev Tofiq Fuad oğlu birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Səfərov Emil Firdovsi oğlu və Şərifov Samir Ənvər oğlu ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alıblar.
Sərəncamı prezident İlham Əliyev iyulun 8-də imzalayıb.
İyulun 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. 1919-cu ilin həmin günü Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilib. 2007-ci ildə iyulun 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi rəsmiləşib.
Novator.az bildirir ki, Ceyhun Bayramov xarici işlər naziri postunu 2020-ci il iyulun 16-dan tutur. O, 16-cı xarici işlər naziridir.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici işlər naziri vəzifəsində Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Cəfərov əyləşiblər.
Sovet hakimiyyətinin qurulduğu 1920-ci ildən 1921-ci ilədək xarici siyasət idarəsinin başında Nəriman Nərimanov, Mirzə Davud Hüseynov dayanıblar.
1922-1944-cü illərdə Azərbaycanın xarici siyasət qurumu fəaliyyət göstərməyib.
1944-cü ildən xarici siyasət qurumunun rəhbəri postunda bu şəxslər bir-birini əvəzləyib: Mahmud Əliyev, Tahirə Tahirova, Elmira Qafarova.
1988-ci ildə xarici işlər postuna Hüseynağa Sadıqov təyin olunub. Bu vəzifədə 1992-ci il mayın 29-dək çalışan Hüseynağa Sadıqov 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk xarici işlər naziri sayılır.
Müstəqillik illərində bu şəxslər də xarici işlər naziri olub: Tofiq Qasımov, Həsən Həsənov, Tofiq Zülfüqarov, Vilayət Quliyev, Elmar Məmmədyarov.