Vəkillər Kollegiyası Elçin Sadıqovun vəkilliyinin dayandırılmasına aydınlıq gətirib. İyulun 8-də yayılan məlumatda bildirilir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 6 iyul iclasında Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması ilə yanaşı onun kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət etmək qərarı çıxarılıb.
Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin Vəkillər Kollegiyasına 2022-ci ilin sentyabr ayında göndərdiyi şikayət əsasında başlayıb.
Vəkillər Kollegiyası qeyd edir ki, Eynulla Fətullayevin müraciəti əsasında araşdırma aparan Vəkillərin İntizam Komissiyası Elçin Sadıqovun “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun, “Vəkillərin davranış qaydaları haqqında” əsasnamənin və Vəkillər Kollegiyasının nizamnaməsinin tələblərini pozduğunu müəyyən edib: “Elçin Sadıqov “Baku Steel Company” şirkətinin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən qeyri-qanuni vasitəçiliyə əl atıb, jurnalistə etdiyi qeyri-rəsmi və qanunsuz ödəniş müqabilində müştərisi barədə publik çıxışların dayandırılmasını tələb edib. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əsasən, vəkillər öz fəaliyyətlərində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək hüququna malikdirlər. Lakin vəkil Elçin Sadıqov qanunvericiliyə zidd olaraq öz fəaliyyətində qanunsuz, vəkil etikasına zidd olan üsul və vasitələrdən istifadə edib. Peşə fəaliyyətini həyata keçirilməsi zamanı vəkillərin qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır”.
Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.
2022-ci il sentyabrın 10-da Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edib. İddiaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.
Sentyabrın 11-də Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Əvəz Zeynallı 2023-cü il martın 27-dən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Elçin Sadıqovun işi başqa icraata ayrılıb.
Eynulla Fətullayev Haqqin.az saytının baş redaktorudur. Əvəz Zeynallı və Elçin Sadıqov cinayət məsuliyyətinə 2022-ci il sentyabrın 7-də Haqqin.az saytında getmiş yazıdan sonra alınıblar. Həmin yazıda jurnalistin Rasim Məmmədovdan rüşvət aldığı iddia olunub.
Vəkillər Kollegiyası bildirir ki, Elçin Sadıqovun barəsində cinayət işinin mövcudluğu məlumdur: “Amma Vəkillər Kollegiyasının araşdırdığı məsələlərin əməlin cinayət olub-olmaması, əmələ bu nöqteyi-nəzərdən hüquqi qiymətin verilib-verilməməsi ilə hər hansı bir bağlılığı yoxdur.
Eynulla Fətullayevin məsələ ilə bağlı maraqlı olmayan şəxs kimi çıxış etməsi və bu səbəbdən Vəkillər Kollegiyasının həmin müraciəti araşdırmaqdan imtina etməli olması ilə əlaqədar yazılara münasibətdə bildirmək istərdik ki, əvvəla, Rəyasət Heyətinin vəkil Elçin Sadıqov barəsində intizam icraatının başlanması və araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi barədə qərarı mövcuddur. Həm də hər bir fiziki və hüquqi şəxs, onlarla birbaşa əlaqəli olmasa belə, vəkillərin peşə fəaliyyəti və peşə fəaliyyətindən kənar davranışlarında yol verdikləri pozuntu halları ilə bağlı Rəyasət Heyətinə müraciət etmək hüququna malikdirlər”.
Elçin Sadıqov qeyd edir ki, insan haqlarını müdafiə etdiyi üçün təqiblərə məruz qalır. O, Eynulla Fətullayevin Vəkillər Kollegiyasına şikayət vermək hüququnun olmadığını və həmin şikayətin icraata götürülməsinin əsassız olduğunu vurğulayır.
Vəkillər Kollegiyası Elçin Sadıqovu məsuliyyətə cəlb edir