Novator.az “Facebook” şəbəkəsində iqtisadçı alim, iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin həbsinə etirazlara nəzər salıb.
AXCP sədri Əli Kərimli: “Nazim Bəydəmirli sifarişlə, saxta ittihamla həbs olunub, siyasi məhbusdur. Onun saxta, absurd ittihamla həbsi hüququn, ədalətin tapdalanması, xalqı heçə saymaqdır. Belə vəziyyətə düşmüş xalqların bircə xilas yolu qalır – təşkilatlanmaq, hamılıqla dinc mübarizəyə qoşulmaq, repressiya qurbanlarını birlikdə müdafiə etmək”.
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu: “Avtoritar hakimiyyətlər müstəqil fəal, icma, vətəndaş cəmiyyəti, media və siyasi partiyadan qorxur, onların mövcudluğunu qəbul etmir. Nazim Bəydəmirlinin müstəqil vətəndaş mövqeyi və fikir ifadə etməsi hakimiyyəti çoxdan narahat edirdi. Söyüdlü hadisəsi bu fürsəti çoxdan gözləyənlər üçün göydəndüşmə olub.
Nazim bəylə sahibkarlığın problemləri, inhisarçılıq və korrupsiya barəsində fikirlərimizi bölüşürdük. Praktiki bilikləri Nazim bəyi üstün mövqeyə çıxarırdı, çünki problemləri yalnız görmür, həm də onun əziyyətini çəkirdi, dəfələrlə biznes və mülkiyyət hüquqları pozulmuşdu. Nazim Bəydəmirliyə haqq etdiyi azadlığı, repressiyalara son qoyulmasını tələb edirəm”.
Müstəqil siyasətçi Azər Qasımlı: “Nazim Bəydəmirlinin həbsi siyasi motivlidir. Həbsin əsas məqsədi sahibkarları ictimai mövqe sərgiləməkdən çəkindirməkdir.
AzTV Söyüdlü hadisəsində əsas təşkilatçı kimi Nazim Bəydəmirlinin adını hallandırır, ardınca Daxili İşlər Nazirliyi onu tamamilə başqa bir ittihamla həbs edir. Öz əlləri ilə özlərini ifşa edirlər”.
Hüquqşünas Ələsgər Məmmədli: “Nazim Bəydəmirlinin həbsinin siyasi motivli olduğunu ölkənin siyasi sistemini azacıq dərk edən hər kəs təxmin edə bilir. Dövlətin gücünü vətəndaşa cəza tədbiri kimi tətbiq etmək dövlətə olan inamı sarsıdır. Bu biabırçılıqdır! Dərhal Nazim bəyi azad edin!”
İqtisadçı, vətəndaş cəmiyyəti fəalı Rövşən Ağayev: “Azərbaycanda sadəcə gerçək vətəndaş olmaq istəyi hər an cəzalanmaq, həbsə atılmaq üçün yetərlidir. Nazim Bəydəmirli də gerçək vətəndaş kimi yaşamaq və davranmaq istəməsi səbəbindən həbslə üzləşib. O, büdcə oğrusu deyil, biznesi üçün ilkin kapitalı ölkə kənarından gətirib, bəlkə də nadir iş adamı idi ki, “başımı aşağı salıb pulumu qazanım” düşüncəsi ilə yaşamırdı. İctimai problemlərə biganə deyildi, danışırdı, yazırdı”.
1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli Voronej Dövlət Aqrar Universitetinin (Rusiya) yer quruluşu fakültəsini bitirib. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi postunu tutub, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetinin müəllimi olub. İqtisad elmləri doktorudur. 1993-cü ildən Rusiyada, 2000-ci ildən Azərbaycanda biznes fəaliyyəti göstərib. 2005-2010-cu illərdə Milli Məclisdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini təmsil edib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. Bu əməl 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Rəsmi iddiaya görə, Nazim Bəydəmirli bir vətəndaşı rüsvay etməklə hədələyərək 50 min manat istəyib, iyunun 24-də ondan 10 min manat alıb.
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Müdafiəçiləri sabiq deputatın Gədəbəyin Söyüdlü kəndi ətrafında hadisələr fonunda tutulduğunı vurğulayır.
Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıb. Polis aksiyanı dağıdıb. Tutulanlar var.
Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb.
Nazim Bəydəmirli Söyüdlü sakinlərinin haqlı tələblərlə çıxış etdiyi barədə açıqlamalar verib, qızıl emalı müəssisəsinin əhali, flora və fauna üçün təhlükələr törətdiyini deyib.