Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli iyulun 4-də tutulub. “Turan”ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onu bir vətəndaşın şikayəti əsasında saxlayaraq araşdırmaya cəlb edib. Nazim Bəydəmirlinin həmin şəxsdən hədə-qorxu ilə 50 min manat pul tələb etdiyi iddia olunur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynovun 4 iyul açıqlamasına görə, vətəndaş şikayətində göstərib ki, Nazim Bəydəmirli onu rüsvayedici görüntülərini yaymaqla hədələyərək 50 min manat istəyib, iyunun 24-də 10 min manatını alıb.
Sabiq deputatın Gədəbəyin Söyüdlü kəndi ətrafında hadisələr fonunda tutulduğu da vurğulanır.
Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıb. Polis aksiyanı dağıdıb. Xəsarət alanlar, tutulanlar var.
Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb.
Nazim Bəydəmirli Söyüdlü sakinlərinin haqlı tələblərlə çıxış etdiyi barədə açıqlamalar verib.
Novator.az bildirir ki, 1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli (Nazim Hüseyn oğlu Məmmədov) iqtisad elmləri doktorudur. Rusiyada və Azərbaycanda biznes fəaliyyəti göstərib. 2005-2010-cu illərdə Milli Məclisdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini təmsil edib. Hakimiyyəti tənqid etməkdən çəkinməyən şəxs kimi tanınır.
AXCP sədri Əli Kərimli yazır ki, ilkin məlumata görə, Nazim Bəydəmirli çox qeyri-adi ittihamla – səhmdarı olduğu şirkətdən pul tələb etdiyi üçün saxlanıb: “Gədəbəyin Söyüdlü kəndindəki etirazlardan sonrakı ilk günlərdə Nazim Bəydəmirlinin adı hallandırılmış, hakimiyyətə yaxın mətbuat onun həbsini anons etmişdi. Görünür, Nazim bəyin həbsinin Gədəbəydəki etirazlarla bağlı olduğunu ört-basdır etmək üçün ona bu qədər absurd ittiham irəli sürməli olublar.
Nazim bəylə şəxsən tanış deyiləm. Ancaq onun tənqidi iqtisadi təhlilləri ilə tanışam. Açıq fikirli, mütərəqqi şəxsdir. İş adamı ola-ola hakimiyyəti tənqid etməsi “Azərbaycan standartlarına” görə çox qeyri-adi görünürdü. Bu qədər dözə bildilər.
Nazim Bəydəmirlinin həbsini siyasi motivli repressiya aktı kimi qiymətləndirirəm. Rejim daha bir absurd hərəkətə imza atmamalı, Nazim Bəydəmirlini azad etməlidir”.
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli qeyd edir ki, Nazim Bəydəmirlinin tutulması Söyüdlü hadisəsi ilə bağlıdır: “Nazim Bəydəmirli Söyüdlü etirazlarından sonra qızıl emalı müəssisəsinin əhali, flora və fauna üçün törətdiyi təhlükələri bütün çılpaqlığı ilə ortaya qoymuşdu, sianid gölünün təhlükəli fəsadlarını açmışdı. Onu məhz buna görə saxlayıblar.
Nazim Bəydəmirli çox mədəni, intellektli, mənəvi cəhətdən sağlam, vətənpərvər bir ziyalıdır. Mən 5 il Milli Məclisdə onunla birgə işləmişəm. O, ölkənin maraqlarını, xalqın maraqlarını hər şeydən uca tutan, öz seçicilərinin və bütövlükdə millətin qayğıları ilə yaşayan bir millət vəkili idi.
Nazim bəy iqtisadçı alımdir, ölkənin çoxlarına örnək olacaq iş adamlarından biridir. Öz fikrini açıq deyən, internet teleproqramlarında tez-tez debatlara çıxan, ölkənin sosial-iqtisadi həyatı ilə bağlı həqiqətləri səsləndirən çox az iş adamlarındandır”.