İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. Bu əməl 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Rəsmi iddiaya görə, Nazim Bəydəmirli bir vətəndaşı rüsvay etməklə hədələyərək 50 min manat istəyib, iyunun 24-də ondan 10 min manat alıb.
Müdafiəçiləri sabiq deputatın Gədəbəyin Söyüdlü kəndi ətrafında hadisələr fonunda tutulduğunı vurğulayır.
Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıb. Polis aksiyanı dağıdıb. Tutulanlar var.
Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb.
Nazim Bəydəmirli Söyüdlü sakinlərinin haqlı tələblərlə çıxış etdiyi barədə açıqlamalar verib, qızıl emalı müəssisəsinin əhali, flora və fauna üçün təhlükələr törətdiyini deyib.
Novator.az bildirir ki, 1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli iqtisad elmləri doktorudur. Rusiyada və Azərbaycanda biznes fəaliyyəti göstərib. 2005-2010-cu illərdə Milli Məclisdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini təmsil edib. Hakimiyyəti tənqid etməkdən çəkinməyən şəxs kimi tanınır.