Dünya mediasından
- 29 İyun 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
Yeni Zelandiyanın İctimai Radiosunun saytında Rusiya-Ukrayna müharibəsinə aid xəbərlər Kremlin mənafeyinə uyğun redaktə edilirmiş. Rusiyanın rəsmi təbliğatına, o cümlədən dezinformasiya kampaniyalarına uyğun formada redaktə edilmiş yazıların hamısı Ukrayna müharibəsi mövzusundadır. Redaktələrin əksəri ABŞ-ın “Reuters” agentliyindən götürülmüş xəbərlərin mətnində aparılıb. Bu işi radionun saytına məsul əməkdaş edib. Radionun icraçı direktoru Pol Tompson qərəzli redaktələrə görə dinləyicilərdən, oxuculardan və Ukrayna xalqından üzr istəyib: “Bu, çox pis haldır. Mən sarsıntı içindəyəm. Özümə gələ bilmirəm. Biz bunun necə baş verdiyini araşdırıb üzə çıxarmalıyıq. Kremlyönlü tör-töküntünün bizim xəbərləri zibilləməsi olduqca utandırıcı, bağışlanmaz hadisədir”.
Fransa Rusiyanın növbəti dezinformasiya kampaniyasını ifşa edib. Xarici işlər naziri Ketrin Kolonna bəyan edib ki, Rusiya Avropanın yüzlərlə kütləvi informasiya vasitəsinin onlayn versiyasının oxşarını hazırlayıb. Həm tərtibatı, həm də internet ünvanı (domen adı) əslinə bənzəyən saxta saytlarda Ukrayna ordusu, Avropa ölkələrinə sığınmış ukraynalı qaçqınlar haqqında böhtan xarakterli materiallar, Rusiyaya qarşı sanksiyaları qınayan şərhlər yerləşdirilib. Avropa KİV-lərinin sosial media hesablarına oxşayan hesablar da açılıb və saxta saytlarda yerləşdirilən materiallar həmin hesablar vasitəsilə sosial şəbəkələrdə tirajlanıb. Məqsəd guya Avropa KİV-lərinin Kremlin rəsmi təbliğatını, dezinformasiyalarını təsdiqlədiyi görüntüsü yaratmaq olub. Fransa hökuməti ümumilikdə Rusiyanın Avropa KİV-lərinin haqqını tapdayan 355 sayt açdığını müəyyənləşdirib. Ölkənin “Le Monde”, “Le Figaro”, “Le Parisien”, “20 Minutes”, Almaniyanın “Bild”, “Frankfurter Allgemeine Zeitung” kimi məşhur gündəlik qəzetlərinin, “Der Spiegel” həftəlik jurnalının onlayn versiyalarının da oxşarı hazırlanıbmış.
Bolqarıstanda 370 sayt Kremlin dezinformasiyalarını yaymaqla məşğuldur. Bunu ölkənin Humanitar və Sosial Tədqiqatlar Fondu aşkara çıxarıb. Fond bəyan edib ki, Moskvanın təşviqat kampaniyalarının Bolqarıstanda sürətlə əks-səda verməsinin kökündə ilk növbədə həmin saytlar durur. Fondun məlumatına görə, 2022-ci ildə ölkənin internet məkanında Rusiyanın xeyrinə təbliğat 2021-ci illə müqayisədə 20 faiz artıb. Dezinformasiya fəallığı sosial şəbəkələrin Bolqarıstan seqmentində də çox güclənib. Əsas fəallıq “Facebook” şəbəkəsində müşahidə olunur. 2022-ci ildə “Facebook”da bolqar ictimaiyyətini yanıltmağa hədəflənmiş, Rusiyanın mənafeyinə xidmət edən 45 mindən çox dezinformasiya dövriyyəyə buraxılıb. Həmin saxta xəbərlərə şəbəkənin 7 milyon yarımdan çox üzvü reaksiya verib.
Moldova Ukraynadan sonra Kremlin dezinformasiya kampaniyasından ən çox əziyyət çəkən ölkədir. ABŞ-ın “The Monitor” həftəliyində dərc olunmuş “Rusiyaya qarşı ikinci böyük cəbhə” adlı redaksiya məqaləsində belə deyilir. Bildirilir ki, Rusiya Ukraynaya total hərbi təcavüzə başlayandan – 2022-ci ildən bu ölkə ilə həmsərhəd olan Moldovada da cəbhə açıb: “Rusiya ikinci cəbhədə silahı barıtla yox, yalanla doldurub, hədəfi isə ictimai rəyi qırıb-çatmaq, daha bir postsovet dövlətinin NATO-ya, Avropa İttifaqına gedən yolunu bağlamaqdır. Ukrayna hərbə hərblə cavab verdiyi kimi Moldova da Rusiyanın yağdırdığı “informasiya raketləri” əleyhinə qala qurmağa keçib. Hökumətin moldovalıları yalan-palandan qorumaq, həqiqətlə təmin etmək üçün gördüyü son tədbir 2023-cü ilin may ayına təsadüf edir. Həmin ay prezident Maya Sandu Rusiyanın yaydığı saxta məlumatlarla dövlət səviyyəsində mübarizə apara bilmək üçün xüsusi qurum – Vətənpərvərlik Mərkəzi yaradıb”. Məqalədə qeyd olunur ki, Avropa İttifaqı və ABŞ Moldovanın həqiqət uğrunda savaşına dəstək verir. Məsələn, Moldovada Rusiya təbliğatını ifşa edə biləcək müstəqil jurnalistlərə maliyyə yardımı ayrılır.
CNN kanalı Rusiyanın işğalı altında olan Ukrayna şəhəri Melitopoldan reportaj yayıb. Reportajda bildirilir ki, Ukraynaya bağlı melitopolluların heç də hamısı şəhəri tərk etməyib. Yurd-yuvasını itirməmək, doğma şəhərindən ayrı düşməmək üçün işğalda yaşamağa davam edən melitopollular var. CNN kanalı onlardan birini danışdırıb. 30 yaşlı xanım deyib: “Biz Melitopolda əsl terrorla üz-üzəyik. Bu terror küçələrdə hiss olunmadan, üstüörtülü gedir. Rusiya pasportundan imtina edib “qeyri-leqal” hesab olunan mənim kimilərin durumu çox acınacaqlıdır. Kənardan baxan bunu görmür. Məsələn, indi durub bazara getsən, elə biləcəksən hər şey qaydasındadır, sanki şəhərdə qalıb yaşayanlar üçün heç bir problem yoxdur. İşğalçılar Melitopolda hamını Rusiya pasportu almağa məcbur edirlər. Rus pasportundan imtina həyatımızı çox çətinləşdirir. Məsələn, pasportumuz olmadığına görə bizi xəstəxanalarda qəbul etmirlər. Ailəliklə fermer təsərrüfatı ilə məşğuluq. Ancaq üstümüzdə Rusiya sənədləri olmadığından torpaq sahələrimizi itiririk”. Şəhər əhalisinin böyük hissəsinin Rusiya pasportu aldığını deyən xanım bunu etməyənlərin axtarış tədbirlərinə məruz qaldığını da vurğulayıb: “Melitopolda Rusiyanın adamları, əlaltıları vaxtaşırı atəşə tutulur, onlara qarşı partizan hücumları təşkil edilir. Belə hadisələrdən dərhal sonra şəhərdə axtarışlar aparılır və ilk növbədə rus pasportu olmayanlar yoxlanır. Rus əsgərin fərarilik etdiyi kənddə nənəmin evini axtarıblar. Ruslar onun kənd sakinlərinin evində gizləndiyini düşünüblər.
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Kirill Budanov Rusiya prezidenti Vladimir Putinin hədəfindədir. “The Telegraph” qəzeti yazır ki, hələ 2014-cü ildə Donbasda keçirdiyi məxfi əməliyyatlar Kirill Budanovun məşhurlaşması ilə nəticələnib. 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı total hərbi təcavüzə başlayandan sonra isə Budanov Ukraynanın ən nüfuzlu hərbi kəşfiyyatçısı kimi Moskvanın əsas hədəflərindən birinə çevrilib. “The Telegraph” bildirir ki, Budanovun və onun tabeliyində çalışan kəşfiyyatçıların metodları çoxlarını heyrətə gətirir: “Son müharibə dövründə Rusiyada hərbi komissarlıqlara hücumlar olub. Deyilənə görə, rusiyalı pensiyaçıları bu hücumlara Ukraynanın hərbi kəşfiyyatı sövq edib. Kəşfiyyatın rusiyalı gəncləri dəmiryol infrastrukturunda yanğınlar törətməyə məcbur etdiyi barədə də məlumatlar dolaşır”. Məqalədə bildirilir ki, Budanova qarşı 10 uğursuz sui-qəsd cəhdi olub.
“Vaşinqton Post” qəzetində “Putin gözünü döyə-döyə uçurumun dibinə baxırdı” başlıqlı məqalə dərc olunub. Qəzetin beynəlxalq məsələlər üzrə icmalçısı Devid İqnatiusun yazısında prezident Vladimir Putinə sıx bağlı iş adamı Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi birləşməsinin iyunun 24-də Rusiya Müdafiə Nazirliyinə qarşı qaldırdığı qiyamdan bəhs edilir. Devid İqnatius yazır: “İyunun 24-ü Rusiya prezidenti Vladimir Putin gözünü döyə-döyə uçurumun dibinə baxırdı. Baş verənləri “silahlı qiyam” adlandırsa da, qisas alacağına söz versə də, az sonra o, güzəştə razılaşdı. Putinin bu sürətlə geri çəkilməsi göstərir ki, o, deyəsən, analitiklərin düşündüyündən də zəifdir. Ola bilsin, o, güzəştə getməklə həqiqətən başçılıq etdiyi rejimi böyük bəladan qurtardı. Lakin iyunun 24-ü tarixə nəhəng Rusiya dövlətinin süquta uğraması prosesinin bir parçası kimi yazılacaq. Putindən qalası əsl miras da elə budur: Rusiyanın süqutu”. Müəllif bildirir ki, indən belə Putinin Ukrayna cəbhəsində problemləri artacaq: “Priqojin qiyama qalxmazdan əvvəl Ukrayna həqiqətlərini açıb-tökməyə başlamışdı. Onun da vurğuladığı kimi, əslində Ukraynaya qoşun yeritməyə ehtiyac yox idi, bu, böyük yanlışlıq idi, çünki Kiyev Moskvaya heç bir təhlükə törətmirdi. Bəli, hətta buz kimi soyuq adam – Vladimir Putin də özünün Ukrayna səhvi haqda acı həqiqətin buzunu sınmaqdan qoruya bilməz”.
ABŞ-ın “Bloomberg” agentliyi “Putinin nüvə hədəsini cavabsız qoymaq olmaz” başlıqlı redaksiya məqaləsi yayıb. Məqalədə bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Belarusda – Ukraynaya yaxın məsafədə nüvə silahlarının yerləşdirilməsinə başlandığını açıqlayıb. Qərb buna necə reaksiya verməlidir? Məqalədə deyilir ki, ilk növbədə Putinə nüvə təhdidlərinin fayda vermədiyini göstərmək gərəkdir: “ABŞ və müttəfiqləri Ukraynaya hərbi və iqtisadi yardımı ikiqat artırmalıdır. Xüsusilə Ukraynanın həddən artıq yüklənmiş havadan müdafiə sistemləri gücləndirilməlidir. NATO açıq vurğulamalıdır ki, Rusiya nüvə silahına əl atsa, ona hər cür silahla – istər adi, istərsə də başqa vasitələrlə sarsıdıcı zərbə endiriləcək. Çin və Hindistan da nüvə toqquşmasında maraqlı olmadığını xatırlatmalı, düşünülməmiş qərarın Putinə çox baha oturacağını anlatmalıdır. Eyni zamanda NATO liderləri Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə hörmətlə yanaşdığını təsdiqləməlidir. NATO-nu münaqişənin baiskarı kimi qələmə verən Putinin saxta arqumentinin təkzib olunması bəzi rus komandirləri ağılsız əmrləri yerinə yetirmək həvəsindən sala bilər. Nəhayət, Putinin təxribatlarının NATO-da, onun qüvvələrində çoxdan yığılıb qalmış boşluqları üzə çıxardığını da unutmaq olmaz. NATO xüsusilə raketdən müdafiə sistemlərini yenidən nəzərdən keçirməlidir”. Məqalədə vurğulanır ki, Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək qərarı Ukrayna məsələsinin hüdudlarını aşan yeni risklər və qeyri-müəyyənliklər doğurur: “Problem yalnız NATO-nun çevik və qətiyyətli addımları ilə həll oluna bilər”.
Rusiyada 200-ə yaxın xalq yaşayır. Rəsmi təsnifat sayı 50 min nəfərdən az olan yerli xalqları azsaylı xalq kimi göstərir. 2020-ci ilin statistikasına görə, ölkədə 46 belə xalq var. Azsaylı etnik qruplar Rusiyanın ucqar bölgələrində, əsasən Uzaq Şərqdə, Sibirdə, Ural dağları boyunca məskunlaşıb. Mərkəzi ofisi ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən, yoxsulluq və aclıqla mübarizə aparan “Borgen” layihəsi Rusiyadakı azsaylı xalqların problemləri ilə bağlı hesabat hazırlayıb. Hesabatda yerli etnik qrupların həyat səviyyəsinin etnik çoxluğa – ruslara nisbətdə çox aşağı olduğu vurğulanır. Bildirilir ki, kiçik etnik qruplarda orta ömür uzunluğu kişilərdə 50 yaş, qadınlarda 60 yaşdır. Bu da ümumilikdə Rusiyadakı orta ömür səviyyəsindən xeyli aşağıdır (kişilərdə 64 yaş, qadınlarda 70 yaş). Qeyd olunur ki, Rusiya qanunvericiliyi azsaylı xalqların dilinin qorunmasına, təhsil almasına, keyfiyyətli içməli su və torpaq ehtiyatlarından istifadəsinə zəmanət versə də, bu, çox vaxt formal xarakter daşıyır. Hesabatda vurğulanır ki, dərindən götürəndə Rusiyada azsaylı xalqların ən böyük problemi şovinizm, millətçilik, irqçilikdir. Rusiyada qeyri-rusların milli, irqi nifrət zəminində bir çox cinayətlə, özbaşınalıqla üzləşdiyi, 2022-ci ilin fevralında Kreml Ukraynada total müharibə başlayandan vəziyyətin daha da pisləşdiyi vurğulanır.
Dünya İqtisadi Forumu gender bərabərliyi reytinqi açıqlayıb. CNN kanalı hesabata əsaslanaraq dünyanın gender bərabərliyinə 2154-cü ildən tez çatmayacağını vurğulayır: “Qlobal miqyasda qadınlarla kişilər arasında bərabərsizlik olsa-olsa 131 ilə aradan qalxa bilər”. Hesabata əsasən, 2023-cü ildə dünyada kişilərlə qadınlar arasında bərabərsizlik 2022-ci ilə nisbətdə vur-tut 0,3 faiz azalıb. Dünya İqtisadi Forumunun icraçı direktoru Sədiyə Zahidinin sözlərinə görə, son illər dünyada gender bərabərliyinə nail olunması baxımından ya ləngimə, ya da geriləmə baş verib: “Koronavirus pandemiyasının xüsusilə təhsil sektorunda, əmək bazarında qadınlara vurduğu ziyan, pandemiyanın doğurduğu iqtisadi, siyasi böhran gender bərabərliyi istiqamətində əvvəllər əldə olunmuş nailiyyətləri zəiflədib. Hazırda dünyanın bəzi ölkələrində nailiyyətlərə qismən qayıdış nəzərə çarpsa da, çox yerdə hələ də bir yeni böhran meydana çıxan kimi qadın-kişi bərabərliyi pozulur, gender sahəsində geriləmə müşahidə olunur”. Dünya İqtisadi Forumununun hesabatında vurğulanır ki, 146 ölkədə təhsil, siyasət, sağlamlıq meyarları üzrə cüzi irəliləyiş baş versə də, iqtisadi meyarda geriləmə qeydə alınıb: “Pandemiyadan və onunla əlaqəli böhranlardan sonra bərpa prosesi – gender bərabərliyinə qayıdış zəif gedir. O biri yandan qlobal iqlim dəyişkənliyi və texnoloji tərəqqi faktorlarının qadınların iqtisadi hüquq və imkanlarını daha da daraldacağı təhlükəsi yaranıb. Milyonlarla qadın iqtisadi fəaliyyət imkanından məhrum olmaqdadır. Bu, qlobal iqtisadiyyatın taleyi sarıdan da ciddi narahatlıq doğurur”.