ABŞ-ın “Bloomberg” agentliyi “Putinin nüvə hədəsini cavabsız qoymaq olmaz” başlıqlı redaksiya məqaləsi yayıb. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.
Rusiya prezidenti Vladimir Putin Belarusda – Ukraynaya yaxın məsafədə nüvə silahlarının yerləşdirilməsinə başlandığını açıqlayıb. Qərb buna necə reaksiya verməlidir?
ABŞ və müttəfiqləri vəziyyəti daha da gərginləşdirməmək üçün məsələyə həmişəki kimi ağayana münasibət bildirib. Bunu başa düşmək olar. Amma təxribatlara göz yumulduqca Rusiya bir az da irəli gedir, bu isə Ukrayna münaqişəsinin həllini daha da çətinləşdirir.
Putinin nüvə oyunu NATO-nu qorxudub Ukraynaya yardımdan çəkindirmək üçündür. Belarusda yerləşdiriləsi nüvə başlıqlı “İskəndər” raketləri 500 kilometr məsafəni vurmağa qadirdir. Belarusun öz raketləri bundan dörd dəfə az məsafəni vura bilir.
Rusiya Belarusun bir neçə “Su-25” təyyarəsini nüvə başlıqlı raket daşımağa uyğunlaşdıracağını da açıqlayıb. Çox güman, söhbət Litva sərhədi yaxınlığındakı Lida aviabazasında olan “Su-25”lərdən gedir. Bu isə Rusiyanın təkcə Ukraynanın böyük hissəsini deyil, NATO-ya üzv bəzi ölkələri də nüvə təhlükəsi altında qoyması deməkdir.
Nə qədər qəribə səslənsə də, Ukrayna yaxınlığında nüvə silahı yerləşdirilməsinin döyüş meydanında Rusiyaya elə bir xeyri yoxdur. Çünki nüvə partlayışı olsa, onun küləyi rus qoşunlarından da yan ötəsi deyil. Həm də nüvə silahını işə salsa, Putinə qarşı qlobal miqyasda müxalifət formalaşacaq, ciddi cavab tədbirləri görüləcək, böyük ehtimalla Rusiyanın indiki ağır iqtisadi sıxma-boğmada son dərəcə ehtiyac duyduğu, Çinlə Hindistandan aldığı borc pullardan da əli çıxacaq. İstər strateji nüvə arsenalı, istərsə də başqa silahlar üzrə Rusiyanı ötən NATO-nun hansısa üzvünə atom bombası atılması isə Moskva üçün daha betər nəticələr doğura bilər.
Qərb bütün bu reallıqları nəzərə almalı, nüvə riskini artıran addımlardan, qisas əməliyyatına hazırlaşmaqdan, öz nüvə silahlarının yerini dəyişdirməkdən vaz keçməlidir. Nüvə raketlərini Rusiyanın Belarusdakı nüvə bazalarına yaxın əraziyə köçürməyə lüzum yoxdur, bu, Rusiyanı çəkindirməyə xidmət etməkdən çox hansısa gərgin anda yanlış qərar qəbulu ehtimalına səbəb olar.
Sual olunur: bəs nə etməli?
İlk növbədə Putinə nüvə təhdidlərinin fayda vermədiyini göstərmək gərəkdir. ABŞ və müttəfiqləri Ukraynaya hərbi və iqtisadi yardımı ikiqat artırmalıdır. Xüsusilə Ukraynanın həddən artıq yüklənmiş havadan müdafiə sistemləri gücləndirilməlidir.
NATO açıq vurğulamalıdır ki, Rusiya nüvə silahına əl atsa, ona hər cür silahla – istər adi, istərsə də başqa vasitələrlə sarsıdıcı zərbə endiriləcək.
Çin və Hindistan da nüvə toqquşmasında maraqlı olmadığını xatırlatmalı, düşünülməmiş qərarın Putinə çox baha oturacağını anlatmalıdır.
Eyni zamanda NATO liderləri Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə hörmətlə yanaşdığını təsdiqləməlidir. NATO-nu münaqişənin baiskarı kimi qələmə verən Putinin saxta arqumentinin təkzib olunması bəzi rus komandirləri ağılsız əmrləri yerinə yetirmək həvəsindən sala bilər.
Nəhayət, Putinin təxribatlarının NATO-da, onun qüvvələrində çoxdan yığılıb qalmış boşluqları üzə çıxardığını da unutmaq olmaz. NATO xüsusilə raketdən müdafiə sistemlərini yenidən nəzərdən keçirməlidir. Alyansın hazırkı imkanları Avropadakı hədəflərə zərbə endirməkdən çox İrandan qəfil raket buraxılışına cavab verməyə hesablanıb. Ona görə NATO-nun arsenalındakı vasitələri daha geniş hədəflərə uyğunlaşdırmaq lazımdır. Məsələ təkcə hərbi potensialı artırmaqda deyil, həm də potensialın alyans daxilində düzgün inteqrasiya olunmasındadır. Çağdaş dövrün mürəkkəb raket təhdidlərinə davam gətirmək, rəqibləri təhlükəli addımlardan çəkindirən vasitələrin etibarlılığını artırmaq üçün alyans üzvlərinin birgə istifadə edə biləcəyi, yəni qarşılıqlı fəaliyyətə yararlı bir sıra sistemlərə ehtiyac var.
Vladimir Putin neçə vaxtdır diktator Aleksandr Lukaşenkonun 1990-cı illərdən idarə etdiyi vassal dövləti – Belarusu faktiki Rusiyanın bir əyalətinə çevirmək layihəsi üzərində işləyir. Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək qərarı Ukrayna məsələsinin hüdudlarını aşan yeni risklər və qeyri-müəyyənliklər doğurur. Problem yalnız NATO-nun çevik və qətiyyətli addımları ilə həll oluna bilər.
Mənbə: Bloomberg.com