Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs mərkəzində saxlanan ictimai fəal Qiyas İbrahimov iyunun 26-da aclığı dayandırıb. “Turan”ın məlumatına görə, iyunun 23-dən quru aclıq edən fəal səhhətinin pisləşməsini nəzərə alaraq aksiyaya son verib.
İyunun 22-də tutulan Qiyas İbrahimov Nizami Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası alıb. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib. İyunun 24-də inzibati həbs cəzası 32 sutkaya qaldırılıb. Qərar internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək ittihamı ilə çıxarılıb.
Müdafiəçiləri həbsi fəalın sosial şəbəkədə hakimiyyəti sərt tənqid etməsi ilə bağlayır.
Qiyas İbrahimov 2016-cı il mayın 10-u Bakıda başqa ictimai fəal Bayram Məmmədovla birgə tutulub. Fəallar külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.
Müdafiəçiləri fəalların həbsini siyasi sifariş sayıb, bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Bayram Məmmədov 2021-ci il mayın 2-si Türkiyənin İstanbul şəhərində həlak olub. Rəsmi versiyaya görə, Bayram Məmmədov parkda gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb.