ABŞ-ın “Vaşinqton Post” qəzetində “Putin gözünü döyə-döyə uçurumun dibinə baxırdı” başlıqlı məqalə dərc olunub. Qəzetin beynəlxalq məsələlər üzrə icmalçısı Devid İqnatiusun yazısında prezident Vladimir Putinə sıx bağlı iş adamı Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi birləşməsinin iyunun 24-də Rusiya Müdafiə Nazirliyinə qarşı qaldırdığı qiyamdan bəhs edilir.
Novator.az-ın məlumatına görə, məqalədə qiyamçıların Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürərək paytaxt Moskvaya yön aldığı, Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açıldığı, Putinin xalqa müraciətində üsyanı dövlətə xəyanət adlandırdığı, axşam isə Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlarda Priqojinə və döyüşçülərinə verilən təhlükəsizlik vədi nəticəsində “Vaqner”in geri çəkildiyi xatırladılır.
Devid İqnatius yazır: “İyunun 24-ü Rusiya prezidenti Vladimir Putin gözünü döyə-döyə uçurumun dibinə baxırdı. Baş verənləri “silahlı qiyam” adlandırsa da, qisas alacağına söz versə də, az sonra o, güzəştə razılaşdı. Putinin bu sürətlə geri çəkilməsi göstərir ki, o, deyəsən, analitiklərin düşündüyündən də zəifdir. Ola bilsin, o, güzəştə getməklə həqiqətən başçılıq etdiyi rejimi böyük bəladan qurtardı. Lakin iyunun 24-ü tarixə nəhəng Rusiya dövlətinin süquta uğraması prosesinin bir parçası kimi yazılacaq. Putindən qalası əsl miras da elə budur: Rusiyanın süqutu. Onun dönük Priqojinlə sövdələşməsinə gəlincə, bu barışıq yəqin çox çəkməz”.
Məqalədə deyilir ki, iyunun 24-ü gün boyu ABŞ paytaxtı Vaşinqtonda və dünyanın başqa siyasi mərkəzlərində bu suallar ətrafında baş sındırıblar: Priqojin hərbi yürüşünü Moskvaya qədər davam etdirəcəkmi? Putin qiyamçıları dayandırmaq üçün Rusiya qoşunlarına atəş əmri verəcəkmi? Ancaq Devid İqnatius yazır ki, nə Putin dəlidir, nə də Priqojin: “Belə vəziyyətlərdə yalnız dəli özünü uçuruma ata bilər. 24 iyun qarşıdurması daha çox duelə çıxmış iki adamın havaya atəş açıb “Qalsın başqa vaxta!” deməsinə bənzəyir.
Putin başa düşürdü ki, onun üçün yaxşı variant yoxdur, yalnız pis variantlardan birini seçməlidir. Rostov-Don vilayətini nəzarətə götürmüş “Vaqner”çilərə hücum çəkəcək əsas qüvvə Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun tabeliyindəki silahlı dəstə idi. Kadırovçularla “Vaqner”çilərin toqquşması isə dəhşətli bir qarışıqlığa gətirəcəkdi. Putin nizamlı ordu hissələrinin onun əmrlərini yerinə yetirəcəyinə əmin ola bilməzdi, vəziyyətə nəzarətin onun əlindən çıxa biləcəyini anlayırdı. O heç vaxt buna getmir. Putinin vəziyyəti öz nəzarətindən buraxdığı yeganə səhvi Ukraynaya qoşun yeritməsidir. Bircə Ukrayna müharibəsində Putin belə bir yanlışlığa yol verib, hesablamanı düz aparmayıb.
24 iyunun həyəcanlı 24 saatında diqqət çəkən əsas məqamlardan biri Putinin iri hərbi qarşıdurmaya getmədən böhranı aradan qaldıra bilməsi oldu. Əlbəttə, inadkar dostu Priqojin onu aşağıladı, amma eybi yox, hakimiyyət Putinin əlində qalır. Belə yerdə buna baş qırxmaq deyirlər, baş kəsmək yox.
Bəs indən belə nə olacaq? Sözsüz, Putinin Ukrayna cəbhəsində problemləri artacaq. Priqojin qiyama qalxmazdan əvvəl Ukrayna həqiqətlərini açıb-tökməyə başlamışdı. Onun da vurğuladığı kimi, əslində Ukraynaya qoşun yeritməyə ehtiyac yox idi, bu, böyük yanlışlıq idi, çünki Kiyev Moskvaya heç bir təhlükə törətmirdi.
Bəli, hətta buz kimi soyuq adam – Vladimir Putin də özünün Ukrayna səhvi haqda acı həqiqətin buzunu sınmaqdan qoruya bilməz”.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib. Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
2022-сi ilin payızında Ukrayna ordusu fəal əks-hücum əməliyyatları həyata keçirib. Rusiyanın hərbi-siyasi rəhbərliyi bu həmlələri nəzərə alaraq işğal etdiyi bəzi bölgələrdən çəkilmək qərarı verib. Noyabr ayında Ukrayna Xerson vilayətinin bir hissəsini, o cümlədən bölgənin mərkəzi şəhəri Xersonu azad edib.
2023-cü ilin yazında Ukrayna növbəti iri əks-hücum əməliyyatlarına başlayıb. Hazırda davam edən bu əməliyyatların da bir sıra yaşayış məntəqələrinin azad olunması ilə nəticələndiyi bildirilir.
Rusiya-Ukrayna müharibəsi indiyədək milyonlarla adamın qaçqın və məcburi köçkün düşməsinə, hər iki tərəfdən on minlərlə adamın həlak olmasına gətirib.
1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub. 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ilin may ayından baş nazir olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun 2024 və 2030-cu illərdə də dövlət başçısı postuna namizəd olmaq hüququ var.
Yevgeni Priqojin 1961-ci il iyunun 1-də indiki Sankt-Peterburq şəhərində doğulub. İdman təmayüllü internat məktəbində təhsil alıb. 1979-cu ildə oğurluq ittihamı ilə 2 il azadlıqdan şərti məhrum olunub, 1981-ci ildə oğurluq, soyğunçuluq, dələduzluq, yeniyetməni cinayətə cəlb etmək ittihamları ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. 1988-ci ildə cəzası azaldılıb. 1990-cı ildə azadlığa çıxan Yevgeni Priqojin xırda biznesə girişib, sonradan böyük mağazalar və restoranlar şəbəkəsi qurub, həmçinin inşaat sahəsində fəaliyyət göstərib. Onun Vladimir Putinlə yaxınlığı 1990-cı illərin əvvəllərində, gələcək prezident Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olandan başlayıb.
“Vaqner” ilk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxıb. Bu qrupun üzvləri Ukrayna ilə yanaşı Asiya və Afrika ölkələrində də müxtəlif hərbi-siyasi layihələrə cəlb olunaraq çoxsaylı cinayətlər törədiblər.
Mənbə: Washingtonpost.com