İyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Rəsmi məlumata görə, İnam Kərimov şura sədri seçilib.
1977-ci il təvəllüdlü İnam Kərimov Bakı Dövlət Universitetində, Fransanın Strasburq və Sorbonna universitetlərində hüquq təhsili alıb.
Prezidentin İcra Aparatında (Prezident Administrasiyası) məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, kənd təsərrüfatı naziri olub.
2023-cü il aprelin 4-də Ali Məhkəmənin hakimi və sədri təyin edilib.
2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.
Yarandığı vaxtdan quruma ədliyyə naziri Fikrət Məmmədov sədrlik edib.
İyunun 14-də “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Yeniliyə görə, 15 üzvdən ibarət Məhkəmə-Hüquq Şurası belə təşkil olunur: hakimlərin konfransının seçdiyi 9 hakim (3-ü Ali Məhkəmə hakimi, 3-ü apellyasiya məhkəmələrinin hakimi, 3-ü birinci instansiya məhkəmələrinin hakimi); Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; Milli Məclisin təyin etdiyi şəxs; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının təyin etdiyi vəkil; Azərbaycan Milli Elmlər Akademiyasının təyin etdiyi hüquqşünas alim; hakimlərin konfransının seçdiyi hüquq ictimaiyyəti nümayəndəsi.
İyunun 21-dən Məhkəmə-Hüquq Şurasının yenilənmiş qanun əsasında qurulması başlanıb. Hakimlərin konfransında Ali Məhkəmənin sədri İnam Kərimov, sədr müavini Çingiz Əsgərov, Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov, Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev və hüquq ictimaiyyətinin nümayəndəsi Səfa Mirzəyev şura üzvü seçiliblər.
Konstitusiya Məhkəməsi hakim Kamran Şəfiyevi, Milli Məclis deputat Nizami Səfərovu, Ədliyyə Nazirliyi nazirin müşaviri Cavid Hüseynovu, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadəni şura üzvü təyin edib.
Vəkillər Kollegiyası hələ seçim etməyib.
Məhkəmə-Hüquq Şurasının inzibati binası Bakının Zahid Xəlilov küçəsində (540-cı məhəllə) yerləşir.