İyunun 24-ü Musavat.com-da bəyanat yayan Azərbaycan Liberal Partiyası fəaliyyətini dayandırdığını elan edib.
1995-ci ildən dövlət qeydiyyatında olan Azərbaycan Liberal Partiyası Lalə Şövkətin (Hacıyeva) liderliyi ilə qurulmuşdu.
Novator.az bildirir ki, 1951-ci il təvəllüdlü Lalə Şövkət 1993-cü il iyulun 7-də prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin fərmanı ilə dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib, prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilsə də, həmin vəzifədə çalışmaq istəməyib.
1995-ci ildən Azərbaycan Liberal Partiyasına sədrlik edib, 2003-cü ildə partiyanın lideri seçilib, sədr postuna isə Əvəz Temirxan mandat alıb.
Lalə Şövkət 2005-ci ildə 17 saylı Yasamal dairəsindən Milli Məclisin deputatı seçilsə də, mandatından imtina edib.
2023-cü ildə daha 27 siyasi partiya fəaliyyətini rəsmən dayandırıb: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Yüksəliş Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Qorqud Partiyası, Milli Demokrat İdrak Partiyası, Milli Həmrəylik Partiyası, Milli Konqres Partiyası, Milli Vəhdət Partiyası, Müstəqil Azərbaycan Partiyası, Müstəqil Xalq Partiyası, Sosial Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Vətəndaş Birliyi Partiyası, Yeni Yol Partiyası.
Novator.az bildirir ki, 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir. Yeni tələblə ayaqlaşmağa çətinlik çəkən partiyalar siyasi səhnədən çəkilmək zorunda qalır.
Dövlət qeydiyyatında bu partiyalar da var: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Demokratlar Partiyası, Azad Vətən Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.