İyunun 24-ü Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günü, 85 illik yubileyidir.
1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini, həmin təhsil ocağının aspiranturasını bitirib, tərcüməçiliklə, elmi-pedaqoji fəaliyyətlə məşğul olub, tarix elmləri namizədi dərəcəsi alıb.
1975-1977-ci illərdə antisovet təbliğatında ittihamı ilə həbsdə yatıb.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib.
Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib, ayın 17-də and içərək vəzifəsinin icrasına başlayıb. 1993-cü il iyunun 17-də hərbi qiyam səbəbindən paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb. Avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib.
1997-ci ildə paytaxta dönən Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də ağır xəstəlikdən müalicə aldığı Türkiyə paytaxtı Ankarada vəfat edib, avqustun 23-ü Azərbaycan paytaxtında, Fəxri xiyabanda dəfn olunub.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində Əbülfəz Elçibəyi belə anıb: “SSRİ-nin böyük güc olduğu zamanlarda “bu quruluş dağılacaq, Azərbaycan müstəqil olacaq” deyən Əbülfəz Elçibəy Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Əbülfəz Elçibəy xalqın içindən çıxmış, xalqını təmənnasız sevən, xalqın seçimi ilə iqtidar olmuş, xalqın bir manatına da əyri gözlə baxmamış dürüst bir şəxsiyyət idi.
Əbülfəz Elçibəy əsl demokrat idi. Onun siyasətdəki yeganə məqsədi xalqa xidmət olub. İqtidarda olduğu bir il ərzində Əbülfəz bəy xalqımız üçün çox vacib islahatlar başlatmışdı. Təəssüf ki, demokratiya düşmənləri, zor yolu ilə hakimiyyətə gəlməyi özünə rəva görən hakimiyyət hərisləri xarici dövlətlərlə əlbir olaraq Əbülfəz Elçibəyi devirdilər, o vacib islahatlar yarımçıq qaldı”.
1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb, 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.
Cəbhə sədrinin müavini, birinci müavini olub, 2000-ci ildən AXCP-yə liderlik edir.