AZƏRTAC-ın 23 iyun məlumatına görə, prezident, ali baş komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə döyüş bayrağını təqdim edib.
Tədbirdə çıxış edən İlham Əliyev deyib ki, 2020-ci ilin Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılıb və komandoların sayı gündən-günə artır: “Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq.
İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərib. Bir çox hərbi əməliyyatın keçirilməsində onların xüsusi rolu vardı. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması qarşıya bir vəzifə kimi qoyulub və bu vəzifə uğurla icra edilir.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət alıb. İşğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq, Vətən müharibəsi Azərbaycan dövlətinin tam zəfəri ilə yekunlaşdı.
Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanıb – həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi.
Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.
Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim ordumuz yeni, yüksək səviyyəyə qalxacaq. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.
Digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibi genişləndirilir, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və əgər bizim təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi.
Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni bizim ölkəmiz sözün əsl mənasında müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən ilk növbədə bizim hərbi potensialımızdır”.
İyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Azərbaycan Konstitusiyasına görə, Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Ordusuna müdafiə naziri komandanlıq edir.
Müdafiə Nazirliyi 1991-ci il sentyabrın 5-də yaradılıb, oktyabrın 9-da “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qüvvəyə minib. 1992-ci il sentyabrın 18-də 9 oktyabr Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.
1998-ci il mayın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci ildə ilk ordu hissəsi – əlahiddə Azərbaycan korpusu yaratdığı əsas götürülərək iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.