Milli Məclis İnzibati Xətalar Məcəlləsində yeniliklər layihəsini dərc edib. Novator.az bildirir ki, əsas təklif siyasi partiyalar haqqında qanunvericiliyin pozulması üzrə cəzaların sərtləşməsinə yönəlib.
Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslərə yeddi yüz manatdan min manatadək cərimə düşür.
Ölkədə xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək cərimələnir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiyaya üzv qəbul edilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək cərimə edilir.
Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə və ya fəaliyyət göstərməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştiraka görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək cərimə olunur.
Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanlarının (struktur qurumlarının) partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlər etməsinə, o cümlədən qərarlar qəbul etməsinə və ya sənədlər imzalamasına görə fiziki şəxsləri yeddi yüz manatdan min manatadək cərimə gözləyir.
Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatın vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək cərimələnir.
İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulur.
Siyasi partiyanın dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək cərimə edilir.
Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə məlumatın vaxtında verilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək cərimələnir.
Qanunla qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən) və ya xarici valyutada vəsaitin qəbul edilməsinə görə vəzifəli şəxsləri iki min manatdan iki min beş yüz manatadək, hüquqi şəxsləri altı min manatdan səkkiz min manatadək cərimə gözləyir.
Siyasi partiyanın qanunla müəyyən edilmiş məbləğdən (dəyərdən) artıq üzvlük haqqı və ya ianə qəbul etməsinə görə inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Siyasi partiyanın ölkədən kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə vəzifəli şəxslərə min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslərə dörd min manatdan beş min manatadək cərimə düşür.
Siyasi partiyanın qanunsuz qəbul etdiyi ianəni vaxtında geri qaytarmamasına, bu mümkün olmadığı halda onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin altmış faizindən səksən faizinədək məbləğdə cərimə edilir.
Siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardımlar barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim etməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim etməməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək cərimələnir.
Barəsində məlumat təqdim edilməmiş ianə üzrə bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxsləri iki min manatdan üç min manatadək, hüquqi şəxsləri altı min manatdan səkkiz min manatadək cərimə gözləyir.
Xətaların təkrar törədilməsinə görə daha ağır cərimələr nəzərdə tutulur.
1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir. Yeni tələblə ayaqlaşmağa çətinlik çəkən 24 partiya siyasi səhnədən çəkilmək zorunda qalıb: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Birlik Partiyası, Qorqud Partiyası, Milli Demokrat İdrak Partiyası, Milli Həmrəylik Partiyası, Milli Konqres Partiyası, Milli Vəhdət Partiyası, Müstəqil Azərbaycan Partiyası, Müstəqil Xalq Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Vətəndaş Birliyi Partiyası, Yeni Yol Partiyası.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.