Məhkəmə-Hüquq Şurasının yenilənmiş qanun əsasında qurulması davam edir. Hakimlərin 21 iyun konfransında Ali Məhkəmənin sədri İnam Kərimov, sədr müavini Çingiz Əsgərov, Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov, Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev və hüquq ictimaiyyətinin nümayəndəsi Səfa Mirzəyev şura üzvü seçiliblər.
İyunun 22-də Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin şura üzvü təyin olunduqları açıqlanıb.
Parlamentin 24 iyun iclasında Milli Məclisin deputatı Nizami Səfərovun şura üzvü təyin olunması məsələsinə baxılacaq.
“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər iyunun 14-də qüvvəyə minib. Novator.az bildirir ki, yeniliyə görə, 15 üzvdən ibarət Məhkəmə-Hüquq Şurası belə təşkil olunur: hakimlərin konfransının seçdiyi 9 hakim (3-ü Ali Məhkəmə hakimi, 3-ü apellyasiya məhkəmələrinin hakimi, 3-ü birinci instansiya məhkəmələrinin hakimi); Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; Milli Məclisin təyin etdiyi şəxs; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının təyin etdiyi vəkil; Azərbaycan Milli Elmlər Akademiyasının təyin etdiyi hüquqşünas alim; hakimlərin konfransının seçdiyi hüquq ictimaiyyəti nümayəndəsi.
Üzvlərin səlahiyyət müddəti beş ildir.
Məhkəmə-Hüquq Şurasının sədri hakim üzvlər sırasından seçilir.
2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.
Yarandığı vaxtdan quruma ədliyyə naziri Fikrət Məmmədov sədrlik edib.
Məhkəmə-Hüquq Şurasının inzibati binası Bakının Zahid Xəlilov küçəsində (540-cı məhəllə) yerləşir.