Dünya mediasından
- 13 İyun 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
ABŞ-ın Marşall Fondunun Demokratiya Uğrunda Alyans analitik qrupunun məruzəsində deyilir ki, Kremldən maliyyələşən kütləvi informasiya vasitələri Çinin sosial media platforması olan “TikTok”da milyonlarla insanın arasında təbliğat aparır. Bildirilir ki, “TikTok” platformasında Kremlin maliyyələşdirdiyi KİV-lərə aid 78 hesabın cəmləndiyi bir şəbəkə var. Həmin hesablar vasitəsilə Rusiya təbliğatı aparılır, dezinformasiyalar buraxılır, o cümlədən Rusiya-Ukrayna müharibəsi haqqında uydurmalar irəli sürülür. Demokratiya Uğrunda Alyansın məruzəçisi Cozef Bodnar bildirir ki, “TikTok” Kremlin maliyyələşdirdiyi dezinformasiyanı məhdudlaşdırmaq üçün çox az iş görür: “Əgər “TikTok”u idarə edən çinlilər dünyanı bu platformanın avtokratların əlində alət olmadığına inandırmaq istəyirsə, onda Rusiya hakimiyyətinin təbliğatını aparan qurumların hesabları xüsusi işarə ilə seçdirilməli, həmin hesablarda yerləşdirilən materialların yayımına məhdudiyyətlər qoyulmalıdır”.
“Euronews” telekanalının internet səhifəsində yerləşdirilmiş “Moskvanın barmağı: informasiya müharibəsi Rusiyanın qonşuluğundakı ölkələrin siyasətinə necə təsir edir?” başlıqlı yazıda da Kremlin təbliğat-təşviqat kampaniyasından bəhs olunur. Bildirilir ki, 2022-ci ilin fevralında Rusiya Ukraynaya total hərbi təcavüzə girişəndən bir çox ölkə təbliğat-təşviqatı, dezinformasiyanı ciddi təhdid kimi qəbul etməyə başlayıb. Qeyd olunur ki, informasiya müharibəsi xüsusilə Rusiyaya qonşu ölkələrin siyasi gündəmində əsas məsələlərdən birinə çevrilib. Bu baxımdan Gürcüstan və Moldovada vəziyyətin daha gərgin olduğu vurğulanır. “Euronews”un təqdim etdiyi yazıda Gürcüstan və Moldovada vəziyyət ekspertlərin köməyilə ətraflı şərh edilir.
“Nyu-York Tayms” qəzeti Ukraynanın Xerson vilayətinin azad edilmiş ərazilərində Rusiya qüvvələrinin işğal zamanı törətdiyi vəhşiliklərdən yazır. Qəzet bildirir ki, ümumilikdə işğal dövründə rusiyalılar bu ərazidə 11 istintaq təcridxanasından işgəncə məqsədilə yararlanıb. Təcridxanalarda həm kişilər, həm də qadınlar saxlanıb. Onlar döyülüb, amansız işgəncələrə, o cümlədən cinsi təcavüzə məruz qalıb. Bəzisi edam olunub. Ukrayna Baş Prokurorluğu Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) dörd üzvünə qarşı cinayət işinə başlayıb. Bu dörd qvardiyaçı işğal aylarında Xerson şəhərinin mərkəzində istintaq təcridxanasına nəzarət edib. Təcridxanada ukraynalılar amansızcasına döyülüb, onlara elektrik cərəyanı vasitəsilə, susuz saxlama yolu ilə işgəncələr verilib və edam səhnələri təşkil olunub. Rusiyalı qvardiyaçılar əməllərinin cəzasız qalacağına o qədər arxayın olublar ki, hətta təcridxanaya doldurduqları 200 ukraynalı qarşısında öz kimliklərini gizlətməyə, üzlərini örtməyə belə cəhd göstərməyiblər.
“Vaşinqton Post” qəzeti “Nüvə təhlükəsi yenə artır. ABŞ necə davranmalıdır?” başlıqlı redaksiya məqaləsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirməsi planından bəhs edir. Qəzetin rəyinə görə, dünya yeni nüvə riskləri dövrünə sürüklənir və bu dövrün əsas xüsusiyyəti ondadır ki, fəlakətə təsadüflər, yanlış hesablamalar səbəb ola bilər. Qəzet yazır ki, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirərsə, bu, Minski mümkün nüvə münaqişəsi zamanı həm raketlərin havaya buraxıldığı məkana, həm də cavab zərbələrinin hədəfinə çevirir. Məqalədə vurğulanır ki, nüvə təhlükəsi başqa yerlərdə də artır: “Putinin əleyhinə olan silahlı qruplaşmalar vaxtaşırı Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinə hücumlar edir. Bu hücumların çox detalı bəlli deyil. Bəlli olan odur ki, Belqorodda Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı saxlanan mərkəzi anbarı var. Qərb müşahidəçiləri döyüşlərin həmin anbara təsiri olub-olmadığını bilmirlər. Lakin belə bir anbarın yaxınlığında döyüşlərin baş verməsi ciddi narahatlıq doğurur”. “Vaşinqton Post” hesab edir ki, ABŞ nüvə riskini minimuma endirmək səylərini davam etdirməlidir: “Qərb indi Ukrayna müharibəsi imkan verdiyi qədər Rusiya ilə danışıqları bərpa etməyi planlaşdırmalı, eyni zamanda Çini danışıqlar masasına oturtmağın yolunu axtarıb tapmalıdır. Hər kəs, o cümlədən Rusiya və ABŞ məsələyə diqqətlə yanaşmalıdır. Nüvə fəlakəti baş verməz deyib arxayınlaşmaq qətiyyən olmaz”.
Rusiya dünyada ən çox sanksiyaya məruz qalan ölkədir. Maliyyə sanksiyalarının əksəri aktivlərin dondurulmasından ibarətdir. Aktivin dondurulması isə hələ onun müsadirə olunması demək deyil. Dondurulma aktivdən istifadə olunmasını, yerinin dəyişdirilməsini və ya satışa çıxarılmasını qadağan edir. Ancaq bu halda onun qanuni sahibi dəyişmir. Aktiv müsadirə olunanda isə mülkiyyət hüququ dəyişir: aktiv sahibinin əlindən alınır, mülkiyyət onu müsadirə etmiş orqana keçir. Bundan sonra aktivi müsadirə etmiş orqan ondan istədiyi kimi yararlana, həmçinin onu satışa çıxara bilər. “Bloomberg” agentliyi yazır ki, Rusiyanın dondurulmuş aktivlərinin çox az bir qismi müsadirə olunub. Rusiyanın dondurulmuş aktivlərini xüsusilə müharibədən sonra Ukraynanın dirçəldilməsinə yönəltmək niyyətinin olduğunu xatırladan “Bloomberg” bu baxımdan dondurmanın kifayət etmədiyini, müsadirəyə keçməyin zəruriliyini vurğulayır.
Avropa stadionlarında mühüm futbol oyunları zamanı tribunlarda azarkeşlərin irqçi şüarlar səsləndirib-səsləndirmədiyini izləmək üçün gizli müşahidə aparılır. Müşahidəçilər könüllülər arasından seçilir, onlara xüsusi təlimlər keçilir və zəruri xərclər ödənir. İşi Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) irqi ayrı-seçkiliklə mübarizə məqsədilə formalaşdırdığı “Fare” şəbəkəsi təşkil edir. Adının çəkilməsini istəməyən müşahidəçi “Associated Press”ə deyib ki, onlara kütlədən seçilməmək, azarkeşlərə qaynayıb-qarışmaq, ancaq heç kimlə ünsiyyət qurmamaq, diqqət cəlb etməmək, ehtiyatlı davranmaq tapşırılır. Futbol hakimləri kimi müşahidəçilərə də azarkeşlik etdikləri klubların matçlarında işləmək yasaqdır. Müşahidəçilərin topladığı sübutlar, o cümlədən gizli çəkdikləri fotolar, videolar UEFA-da cəmlənir və onlardan futbol klublarına, yaxud milli komandalara qarşı intizam tədbirləri tətbiq ediləndə istifadə olunur.
Avropa Mərkəzi Bankının (AMB) gender planı – rəhbər vəzifələrdə qadınların təmsilçiliyini artırmaq, vakant iş yerlərinə qadınları cəlb etmək istəyi bəzi işçilərin narazılığına, kollektivdə gərginliyə səbəb olub. AMB gender hədəflərini ilk dəfə 2013-cü ildə müəyyənləşdirib. Bank 2019-cu ilə qədər rəhbər vəzifələrdə çalışanların 35 faizinin qadın olmasını məqsəd qoyub. Ancaq AMB bu hədəfinə nail ola bilməyib. 2020-ci ildə bank yeni plan elan edib: vakant məsul vəzifələrin ən azı yarısına qadınlar təyin edilməlidir. Nəticədə AMB-də vəzifəli xanımların sayı artıb, amma bu, ixtisaslı kadrların irəli çəkilməsi prinsipinin pozulması hesabına baş verib, çünki kadr seçimi zamanı diqqət bacarıqdan çox cinsi fərqə yönəlib, kişilərlə müqayisədə qadınlar üstün tutulub. Bankın narazı əməkdaşlarından biri “Politico” qəzetinə deyib ki, yeni iş yeri açılanda, yaxud bir iş yeri boşalanda dərhal həmin ştatın qadınlar üçün olduğu barədə söz-söhbət gəzir. “Politico” yazır ki, hazırda AMB-yə müraciət edən qadınların işə düzəlmək şansı kişilərlə müqayisədə daha artıqdır. Qəzet konkret rəqəmləri misal gətirir. 2021-2022-ci illərdə iş üçün müraciət edən qadınların 11,7 faizi, kişilərin isə 5,4 faizi işə götürülüb. “Politico” AMB-dəki gender siyasətinin kişi əməkdaşlar arasında məyusluq doğurduğunu vurğulayır.