“Kremldən maliyyələşən kütləvi informasiya vasitələri Çinin sosial media platforması olan “TikTok”da milyonlarla insanın arasında təbliğat aparır”. ABŞ-ın Marşall Fondunun Demokratiya Uğrunda Alyans analitik qrupunun məruzəsində belə deyilir.
Demokratiya Uğrunda Alyans avtoritar dövlətlərin ABŞ və Avropanın demokratik institutlarını sarsıtmaq cəhdlərinə müqavimət, bu istiqamətdə hərtərəfli strategiya hazırlanması məqsədilə 2017-ci ildə yaradılıb. Qurumu ABŞ Dövlət Departamentinin və ölkə kəşfiyyatının sabiq əməkdaşları idarə edir.
Novator.az-ın məlumatına görə, alyansın son məruzəsində bildirilir ki, “TikTok” platformasında Kremlin maliyyələşdirdiyi KİV-lərə aid 78 hesabın cəmləndiyi bir şəbəkə var: “Həmin hesablar vasitəsilə Rusiya təbliğatı aparılır, dezinformasiyalar buraxılır, o cümlədən Rusiya-Ukrayna müharibəsi haqqında uydurmalar irəli sürülür”.
Alyansın analitikləri 78 hesabın fəaliyyətini həm ayrı-ayrılıqda araşdırıblar, həm də o hesabların qarşılıqlı surətdə necə iş apardığını izləyiblər. Məruzəyə əsasən, 2023-cü ilin ötən dövründə 78 hesabdan 44-ü xüsusi aktivlik göstərib. Ümumilikdə Kremlin maliyyələşdirdiyi KİV-lərə aid hesabların yalnız 22-si “TikTok”da Rusiya dövlətinə məxsus media qurumu kimi qeyd olunub (işarələnib). Həmin 22 hesabın 6 milyondan çox izləyicisi var.
Məruzədə xatırladılır ki, Rusiyanın RT teleşəbəkəsinin müxtəlif dillərdə kanalları fəaliyyət göstərir: “Onlardan biri də ispan dilində yayımlanan “RT en Espanyol” kanalıdır. “TikTok”da kanalın internet səhifəsinin hesabı var. “TikTok” izləyicilərə həmin hesabda saxta məlumatların yayıla biləcəyi haqda xəbərdarlıq edir. Buna baxmayaraq “RT en Espanyol”un hesabı “TikTok”da ispandilli müstəqil xəbər qurumlarının hesablarından daha çox izlənir”.
Demokratiya Uğrunda Alyansın məruzəçisi Cozef Bodnar deyir ki, “TikTok”da Rusiyanın dövlət mediası kimi qeydiyyata alınmış KİV-lərin müstəqil medianı üstələməsi, istifadəçilərin bu platformada müstəqil xəbər mənbələrindən çox Rusiyanın rəsmi mənbələri ilə təmasa girməsi Çin platformasının Kremlin maliyyələşdirdiyi təbliğatı məhdudlaşdırmaq üçün çox az iş gördüyünü təsdiqləyir.
Alyans “TikTok”da dövlətə məxsus hesab kimi işarələnməmiş, ancaq Rusiya hakimiyyətinə bağlılığı şübhə doğurmayan hesabların da geniş auditoriya toplaya bildiyini diqqətə çatdırır, bu kateqoriyaya aid 22 hesabın 1,7 milyondan çox izləyicisi olduğu bildirir.
ABŞ-ın Florida ştatında yerləşən Valensiya Kollecinin politologiya və beynəlxalq siyasət kafedrasının dosenti Mariya İzabel Puerta dörd dildə (ingilis, ispan, portuqal dilləri və Haiti kreol dili) yayılan “Dialogo Americas” internet nəşrinə (rəsmi hərbi nəşrdir) açıqlamasında deyib ki, sosial medianın ictimai-siyasi sabitliyi pozan bir alətə çevrilməsinə imkan vermək olmaz: “İctimaiyyəti dezinformasiyalar yayan KİV-lər haqda məlumatlandırmaq, adamları belə mənbələrin materiallarından istifadə etməyin nə dərəcədə təhlükəli olduğu barədə maarifləndirmək çox vacibdir. “TikTok”un arxasında Çin maraqları dayanır. Platforma özü ilə Pekin rejimi arasında məsafə saxlamağa çalışsa da, reallıq bundan ibarətdir. Çinin hakim rejimi isə daim dünyada nifaq salmaqda maraqlıdır. Bu sadə həqiqəti görmək üçün Çinin rəsmi mediasına ötəri nəzər yetirmək belə kifayətdir. Sabitliyi pozmaq, düşmənçilik toxumu səpmək, liberal demokratiyaya inamsızlıq yaratmaq – Çinin strateji hədəfləridir. Pekin rejimi hədəfinə nail olmaq üçün təbliğat-təşviqatdan geniş yararlanır”.
Cozef Bodnar qeyd edir ki, “TikTok” həm rəsmi, həm də fərdi hesablarla yayılan dezinformasiyaları üzə çıxarmağa, məhdudlaşdırmağa həvəs göstərmir: “Əgər “TikTok”u idarə edən çinlilər dünyanı bu platformanın avtokratların əlində alət olmadığına inandırmaq istəyirsə, onda Rusiya hakimiyyətinin təbliğatını aparan qurumların hesabları xüsusi işarə ilə seçdirilməli, həmin hesablarda yerləşdirilən materialların yayımına məhdudiyyətlər qoyulmalıdır”.
“TikTok” Çinin “ByteDance” özəl şirkətinin beynəlxalq miqyasda 2018-ci ildə işə saldığı, istifadəçilərə qısa videolar yerləşdirib yaymaq imkanı verən sosial media platforması, dünyanın ən populyar sosial şəbəkələrindən biridir.
Mənbə: Dialogo-americas.com