Milli Məclisin 9 iyun iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik layihəsi son oxunuşda qəbul edilib. Novator.az bildirir ki, əsas yeniliklərdən birinə görə, yoxlama zamanı yoxlayıcının bu hüquqları var: yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq; yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı başqa sənədləri əldə etmək; yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq; foto, audio və video çəkiliş aparmaq.
Yoxlayıcıya bu qadağalar qoyulur: səlahiyyətinə, sahibkara və yoxlama suallarına aidiyyəti olmayan məlumatları (sənədləri) tələb etmək və yoxlamaq; qanunla digər yoxlayıcıların nəzarət sahəsinə aid olan və ya yoxlama suallarının siyahısında nəzərdə tutulmamış məsələləri yoxlamaq; qanunun yol verdiyi hallar çıxılmaqla sahibkarın razılığı olmadan onun resurslarını (daşınmaz əmlakını, nəqliyyat vasitələrini, kompüterlərini, surətçıxarma avadanlığını, dəftərxana ləvazimatını və s.) istifadə etmək; sahibkardan yoxlayıcı orqanlara əvvəllər təqdim edilmiş məlumatları (sənədləri) tələb etmək.
Yoxlayıcı bu hallarda yoxlama apara bilməz: yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda; yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda.