İyunun 5-dən 7-dək Fransanın Strasburq şəhərində Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra durumunu müzakirə edən Avropa Şurasının Nazirlər Komitəsi qətnamələr çıxarıb. Hüquqşünas Xalid Ağalıyev Novator.az-a deyib ki, Avropa Məhkəməsinin hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, fəallar Qiyas İbrahimov, Bayram Məmmədov (2021-ci ilin may ayında həlak olub), jurnalist Xədicə İsmayılın şikayətləri üzrə çıxardığı qərarlar da nəzarət altındadır: “Həmin qərarlarda ərizəçilərin qanunsuz həbs və məhkum edilmələri, Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş hüquqlarının pozulduğu tanınıb. Nazirlər Komitəsi bu qrup üzrə iyunun 8-də açıqlanan qətnamədə ərizəçilərin məhkumluqlarının ləğv olunmasını, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını istəyib”.
1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.