Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının üzvü Ziyafət Abbasova Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasındadır.
İyunun 6-sı səhər polis əməkdaşları onu Zabrat qəsəbəsindəki sığınacaqdan götürüb Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına aparıblar. Həmin gecə səhhəti ağırlaşdığı üçün Ziyafət Abbasova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
ADR-in bəyanatında qeyd olunur ki, Ziyafət Abbasova 1 saylı Psixiatriya Xəstəxanasına yaşadığı sığınacağın rəhbərliyinin müraciəti əsasında zorla aparılıb: “Ziyafət xanımı tanıyanların hamısı onun psixoloji durumunun tam normal olduğunu bilir. Rejimin bu addımı onun kütləvi tədbirlərdə fəal iştirakı, sosial şəbəkələrdəki tənqidi çıxışları ilə bağlıdır. Haqqında sərt və amansız qərar alınmış Ziyafət xanımın irsi qan xəstəsi olduğunu rejim rəhbərliyinin diqqətinə çatdıraraq onun daim ciddi müalicəyə ehtiyacı olduğunu qeyd edir və qanunsuzluğun, zorakılığın onun səhhətində yarada biləcəyi problemlərin məsuliyyətinin şəxsən İlham Əliyevin üzərində qalacağını bildiririk.
Ziyafət xanım saxlandığı vaxt ona qarşı tətbiq olunan zorakılığın təsirindən aldığı mənəvi, psixoloji zərbələr üzündən 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürülüb. Vəziyyətinin pis olmasına baxmayaraq polis orqanının onun haqqında indiyə kimi aldığı qərarların hüquqi bazasını yaratmaq istiqamətində çalışdığı haqda məlumatlar var. Vicdanlı vətəndaş və dəyərli partiyadaşımız Ziyafət Abbasovanın təqibinin dərhal dayandırılmasını tələb edirik”.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasına iqtisadçı alim Qubad İbadoğlu sədrlik edir. Partiyanın təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, ancaq qurum dövlət qeydiyyatına alınmayıb. 2023-cü il yanvarın 11-də “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.
Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.