ABŞ-ın “Politico” qəzetində “Avropa Mərkəzi Bankında böyük gender problemi” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Avropa Mərkəzi Bankının (AMB) gender planı – rəhbər vəzifələrdə qadınların təmsilçiliyini artırmaq, vakant iş yerlərinə qadınları cəlb etmək istəyi bəzi işçilərin narazılığına, kollektivdə gərginliyə səbəb olub.
AMB 27 ölkəni birləşdirən Avropa İttifaqının mərkəzi bankıdır.
“Politico” yazır ki, AMB gender hədəflərini ilk dəfə 2013-cü ildə müəyyənləşdirib. Bank 2019-cu ilə qədər rəhbər vəzifələrdə çalışanların 35 faizinin qadın olmasını məqsəd qoyub. Ancaq AMB bu hədəfinə nail ola bilməyib. 2020-ci ildə bank yeni plan elan edib: vakant məsul vəzifələrin ən azı yarısına qadınlar təyin edilməlidir. Nəticədə AMB-də vəzifəli xanımların sayı artıb, amma bu, ixtisaslı kadrların irəli çəkilməsi prinsipinin pozulması hesabına baş verib, çünki kadr seçimi zamanı diqqət bacarıqdan çox cinsi fərqə yönəlib, kişilərlə müqayisədə qadınlar üstün tutulub.
Bankın narazı əməkdaşlarından biri “Politico”ya deyib ki, yeni iş yeri açılanda, yaxud bir iş yeri boşalanda dərhal həmin ştatın qadınlar üçün olduğu barədə söz-söhbət gəzir.
Bankın adının çəkilməsini istəməyən sabiq meneceri “Politico”ya bildirib ki, AMB-nin gender hədəfləri çox iddialıdır və istər-istəməz qeyri-optimal seçimə gətirib çıxarır: “Yaxşı olardı ki, AMB bu hədəflərinə yenidən baxsın”.
“Politico”nun yazdığına görə, hazırda AMB-yə müraciət edən qadınların işə düzəlmək şansı kişilərlə müqayisədə daha artıqdır. Qəzet konkret rəqəmləri misal gətirir. 2021-2022-ci illərdə iş üçün müraciət edən qadınların 11,7 faizi, kişilərin isə 5,4 faizi işə götürülüb.
2021-ci ildə kənar bir şirkətin AMB-də apardığı sorğu göstərib ki, bankda çalışan kişilərin 30 faizindən çoxu işə qəbul zamanı gender ayrı-seçkiliyi hiss edib. İşə qəbul zamanı gender bərabərsizliyi hiss etmiş qadınların sayı isə 11 faiz olub.
“Politico” AMB-dəki gender siyasətinin kişi əməkdaşlar arasında məyusluq doğurduğunu vurğulayır: “Bəzən kişi əməkdaşlar maaşın artırılması üçün müraciət etməyin mənasız olduğunu düşünürlər”.
Lakin AMB-nin İnsan Resursları Departamentinin rəhbəri Yeva Murçiano bankın gender bərabərliyini təcrübədən, qabiliyyətdən üstün tutması iddiasını qəbul etmir. O, “Politico”ya bildirib ki, AMB-nin özünün kollektivdə keçirdiyi sorğular işçilərin gender strategiyasına dəstək verdiyini göstərir: “Biz insanları uğur və istedadına görə işə götürür, irəli çəkirik. Qadın əməkdaşlar işdə irəli çəkilmək üçün daha az müraciət edirlər. Müraciət etdikdə isə onların seçimdən qalib çıxmaq ehtimalı daha yüksək olur. Bu, tətbiq etdiyimiz müsbət ayrı-seçkilik siyasətinin yox, qadınların irəli çəkildikcə etimadı daha yaxşı doğrultmasının nəticəsidir”.
“Politico”nun burada əlavə tədbirlərin rol oynayıb-oynamadığı barədə sualına cavabında Yeva Murçiano qeyd edib ki, AMB-də qadın liderlərlə bağlı proqram həyata keçirilir, eləcə də qadınların yüksək vəzifələr tutmağa müraciət etməsini stimullaşdırmaq üçün xanım əməkdaşlar xüsusi təlimlərə cəlb olunur.
AMB-nin Həmkarlar İttifaqının vitse-prezidenti Karlos Boulz fərqli mövqedədir. O, “Politico”ya müsahibəsində deyib ki, bankda qabiliyyətə, istedada lazımi səviyyədə diqqət yetirilmir, bu səbəbdən əməkdaşların hansı xüsusiyyətinə görə irəli çəkildiyi yaxşı-yaxşı araşdırılmalı, qaydalar yenidən nəzərdən keçirilməlidir: “Avropa qitəsinin ən mühüm qurumlarından birində – AMB-də məhsuldarlığa əngəl törədə biləcək gender davasına soy qoymaq vaxtıdır”.
Mənbə: Politico.eu