İyunun 7-də Türkiyənin yeni parlamentinə sədr seçkisi keçirilib. Novator.az-ın məlumatına görə, gizli səsvermənin üçüncü turunda Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının ortaq namizədi Numan Kurtulmuş 321 səslə qalib gəlib.
1959-cu il təvəllüdlü Numan Kurtulmuş Ədalət və İnkişaf Partiyası sədrinin müavinidir.
2014-2017-ci illərdə baş nazirin müavini, 2017-2018-ci illərdə mədəniyyət və turizm naziri postlarını tutub.
2015, 2018 və 2023-cü illərdə parlamentin üzvü seçilib.
600 nəfərlik Türkiyə Böyük Millət Məclisinin sədri seçilmək üçün ilk iki turda 400 səs, üçüncü turda 301 səs tələb olunur.
Mayın 14-də seçilmiş parlamentdə Ədalət və İnkişaf Partiyasının 267, Cümhuriyyət Xalq Partiyasının 130, Yaşıllar və Sol Gələcək Partiyasının 57, Milliyyətçi Hərəkat Partiyasının 50, Yaxşı Partiyanın 44 mandatı var.
Demokratiya və Sıçrayış Partiyası qanunverici orqanda 15, Gələcək Partiyası 10, Səadət Partiyası 10, Yenidən Rifah Partiyası 5, Türkiyə Fəhlə Partiyası 4, Demokrat Partiyası 3, Əmək Partiyası 2, Xalqların Demokratik Partiyası 2, Demokratik Sol Partiya 1 mandatla təmsil olunur.
Parlament seçkisi ilə eyni gündə keçirilən prezident seçkisi mayın 28-nə – ikinci tura qalıb, yarışı Ədalət və İnkişaf Partiyasının lideri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan udub.
Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazirlik edib, 2014-cü il avqustun 10-da və 2018-ci il iyunun 24-də prezident seçilib.