AXCP sədri Əli Kərimli ikinci prezident Əbülfəz Elçibəyin devrilməsi ilə nəticələnən 4 iyun qiyamından yazıb.
Novator.az bildirir ki, 1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy şərqşünas təhsili alıb, Misirdə çalışıb, Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildə antisovet təbliğatı ittihamı ilə həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işləyib.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib.
1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. Həmin ayın 17-də vəzifəsinin icrasına başlayıb.
1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırıb. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qiyam hakimiyyətin dəyişməsi ilə nəticələnib, iyunun 15-də Heydər Əliyev parlament sədri seçilib. İyunun 17-də Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb, prezident səlahiyyətləri Heydər Əliyevə ötürülüb, avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib.
1997-ci ildə paytaxta dönən Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib.
4 iyun qiyamından 30 il ötdüyünü xatırladan Əli Kərimli yazır ki, dövlət orqanlarına qarşı silahlı qiyamı Rusiya və İran açıq şəkildə dəstəkləyib, hətta qiyamı Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyini demək olar: “Qiyama Heydər Əliyev başda olmaqla keçmiş Kommunist Partiyası funksionerləri də dəstək verdi. Bu, təkcə Elçibəy hökumətinə qarşı qiyam deyildi, həm də Azərbaycanın gerçək müstəqilliyinə, xalqın seçiminə, xalq hakimiyyətinə qarşı qiyam, revanş idi. Azərbaycanın xarici düşmənləri, xalq hakimiyyətinin qurulması ilə imtiyazları, korrupsiya, rüşvət imkanları əlindən alınmış mafioz qüvvələr, xalqa qənim kəsilənlər, xalqı bir heç sayanlar qiyamda qalib gəldilər. Xalqımız, biz hamımız xalq hakimiyyətini qoruya bilmədik. Xalq hakimiyyətinin, təmiz adamların hakimiyyətinin, demokratiyanın qədrini bilmədik.
Nəticələr xalqımız üçün çox ağır oldu. Ölkə korrupsiya, rüşvət, məmur özbaşınalığı girdabına qərq oldu, erməni işğalının sərhədləri böyüdü, qaçqın və məcburi köçkünlərin sayı 1 milyon nəfərə çatdı, daha bir neçə milyon insan işsizlik, hüquqsuzluq, yoxsulluq səbəbindən ölkəni tərk etdi”.
Əli Kərimli 1993-cü ildən sonra saxta seçkilər, siyasi həbslər, polis zorakılığı, korrupsiya, monopoliya, hüquqsuzluq və ədalətsizliyin Azərbaycanın həyatının ayrılmaz bir hissəsinə çevrildiyini qeyd edir, Azərbaycan xalqının böyük çoxluğunun demokratiya, cümhuriyyət dəyərləri tərəfdarı olduğunu vurğulayır: “Onlar ilk fürsətdəcə ölkəmizdə xalq hakimiyyətini yenidən bərqərar etmək arzusundadır”.
30 il əvvəl devrilmiş hakimiyyət komandasında Əli Kərimli dövlət katibi postu tutub. Komandada İsa Qəmbər (parlament sədri), Pənah Hüseyn (baş nazir), Tofiq Qasımov (xarici işlər naziri) və başqa şəxslər də yer alırdı.