Novator.az iyunun 3-də Türkiyənin vitse-prezidenti təyin olunmuş Cevdət Yılmazın ömür yoluna nəzər salıb.
Hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Teyyub Ərdoğan mayın 28-də yenidən prezident seçilib, iyunun 3-də and içərək səlahiyyətlərinin icrasına başlayıb və yeni hökumət qurub.
Vitse-prezident Türkiyədə ikinci ali vəzifəli şəxs sayılır.
1967-ci il aprelin 1-i Bingöl şəhərində doğulan Cevdət Yılmaz Orta Doğu Texniki Universitetində (Ankara) iqtisadiyyat və idarəçilik üzrə bakalavr təhsili, Denver Universitetində (ABŞ) beynəlxalq əlaqələr üzrə magistr təhsili, Bilkent Universitetində (Ankara) siyasət və dövlət idarəçiliyi üzrə doktorantura təhsili alıb.
1989-1992 və 1995-2003-cü illərdə Dövlət Plan Təşkilatında çalışan Cevdət Yılmaz 2007, 2011, 2015 və 2018-ci illərdə Ədalət və İnkişaf Partiyasından parlament üzvü seçilib. 2020-2023-cü illərdə parlamentin plan və büdcə komissiyasına sədrlik edib.
2009-cu ildə dövlət naziri, 2011-2016-cı illər arasında iki dəfə inkişaf naziri, bir dəfə baş nazirin müavini təyin olunub.
2016-cı ildən Ədalət və İnkişaf Partiyası sədrinin müavini postunu tutub.