Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin zirvə toplantısına qatılan prezident İlham Əliyev iyunun 1-i Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə qeyri-rəsmi görüş keçirib. AZƏRTAC xəbər verir ki, ardınca onlar Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla bir araya gəliblər.
Şarl Mişel mətbuata açıqlamasında deyib: “İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron və Olaf Şoltsla çox yaxşı görüş keçirdik. Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıqdır.
Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik. Bəyan etdik ki, prezident Əliyevi, baş nazir Paşinyanı, kansler Şoltsu və prezident Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik. Avropa İttifaqı münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmağa yardım etmək üçün əlindən gələni edəcək”.
Mayın 14-də İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel Brüsseldə görüşüblər. Eyni formatlı əvvəlki görüşlər 2021-ci il dekabrın 14-ü, 2022-ci il aprelin 6-sı, mayın 22-si, avqustun 31-i Brüsseldə, oktyabrın 6-sı Çexiyanın paytaxtı Praqada olub.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşüb. Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.
Vladimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi qeyd olunub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.