Türkiyənin Mərkəzi Bankı mayın 31-də ABŞ dollarını 20,3 lirəyə satır. İqtisadçı alim Qubad İbadoğlu yazır ki, xarici valyuta qıtlığı səbəbindən alış və satış məzənnələri arasında 10 faizdən çox fərq var: “Banklarda xarici valyuta ilə depozitlərin faizlərini inanılmaz dərəcədə yüksəldən, valyuta ehtiyatları son 21 ilin ən aşağı səviyyəsinə enən Mərkəzi Banka yığıma nail ola bilmir, qeyri-müəyyənlik səbəbindən gözləmə mövqeyində olanlar yeni qərarlar gözləyirlər. Mərkəzi Bank lirənin kəskin ucuzlaşmasına imkan vermir, amma real bazar məzənnəsi rəsmi məzənnədən getdikcə uzaqlaşır və 10-15 faiz arasında dəyişir”.
Novator.az bildirir ki, Türkiyə lirəsi 2021-ci ilin sonlarından kəskin ucuzlaşır. Devalvasiyanı cilovlamaq üçün bankdakı pulunu lirədə saxlayan şəxslərə güzəştlər tətbiq olunur, bu isə dövlətin xərclərini kəskin artırır.
Azərbaycan Mərkəzi Bankının məzənnə hesabatlarına görə, 2021-ci ilin ilk iş günündə 100 Türkiyə lirəsi 22 manat 91 qəpiyə satılıb, ilin son iş günündə 13 manat 29 qəpiyə düşüb.
2022-ci il 12 manat 63 qəpiklə başlayıb, 9 manat 9 qəpiklə bitib.
2023-cü ilin siftə qiyməti 9 manat 7 qəpik olub. Mayın 31-də 100 Türkiyə lirəsi 8 manat 25 qəpiyə təklif olunur.