“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin 31 may iclasında ilk oxunuşda qəbul edilib. Novator.az bildirir ki, layihəyə görə, 15 üzvdən ibarət Məhkəmə-Hüquq Şurasının tərkibi bu şəxslərdən təşkil olunur: hakimlərin konfransının seçdiyi 9 hakim (3-ü Ali Məhkəmə hakimi, 3-ü apellyasiya məhkəmələrinin hakimi, 3-ü birinci instansiya məhkəmələrinin hakimi); Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; Milli Məclisin təyin etdiyi şəxs; müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının təyin etdiyi vəkil; Azərbaycan Milli Elmlər Akademiyasının təyin etdiyi hüquqşünas alim; hakimlərin konfransının seçdiyi hüquq ictimaiyyəti nümayəndəsi.
Üzvlərin səlahiyyət müddəti beş ildir.
Hakimlərin konfransında Ali Məhkəmədən 5 hakim; hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim; hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim; hər rayon (şəhər) məhkəməsindən 1 hakim təmsil olunur.
Məhkəmə-Hüquq Şurasının sədri hakim üzvlər sırasından sadə səs çoxluğu ilə beş il müddətinə seçilir.
2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.
Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.
Qalan 13 üzvün səlahiyyət müddəti beş il, müəyyənləşmə mexanizmi belədir: prezidentin təyin etdiyi şəxs; Milli Məclisin təyin etdiyi şəxs; Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Ali Məhkəmənin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təyin etdiyi vəkil; Baş Prokurorluğun təyin etdiyi şəxs.
Şura üzvlərinin seçdiyi sədrin səlahiyyət müddəti beş ildir. Yarandığı ildən quruma ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.