Novator.az “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər layihəsinə nəzər salıb.
Layihəyə görə, 15 üzvdən ibarət Məhkəmə-Hüquq Şurasının tərkibi bu şəxslərdən təşkil olunur: hakimlərin konfransının seçdiyi 9 hakim (3-ü Ali Məhkəmə hakimi, 3-ü apellyasiya məhkəmələrinin hakimi, 3-ü birinci instansiya məhkəmələrinin hakimi); Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; Milli Məclisin təyin etdiyi şəxs; müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının təyin etdiyi vəkil; Azərbaycan Milli Elmlər Akademiyasının təyin etdiyi hüquqşünas alim; hakimlərin konfransının seçdiyi hüquq ictimaiyyəti nümayəndəsi.
Şura üzvlərinin ali hüquq təhsili və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajı olmalıdır. Üzvlərin səlahiyyət müddəti beş ildir.
Hakimlərin konfransında Ali Məhkəmədən 5 hakim; hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim; hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim; hər rayon (şəhər) məhkəməsindən 1 hakim iştirak edir.
Konfrans hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir, Məhkəmə-Hüququ Şurasının üzvlərini açıq səsvermə yolu, iştirakçıların sadə səs çoxluğu ilə seçir.
Məhkəmə-Hüquq Şurasının sədri hakim üzvlər sırasından sadə səs çoxluğu ilə beş il müddətinə seçilir.
11 nəfərdən ibarət Hakimlərin Seçki Komitəsi belə formalaşdırılır: Ali Məhkəmənin 2 hakimi; apellyasiya instansiyası məhkəmələrinin 4 hakimi; Milli Məclis Aparatının nümayəndəsi; Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndəsi; müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; Vəkillər Kollegiyasının üzvü; hüquqşünas alim.
Məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan kimi 2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası hazırda 15 üzvdən ibarətdir. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.
Qalan üzvlərin səlahiyyət müddəti beş il, müəyyənləşmə mexanizmi belədir: prezidentin təyin etdiyi şəxs; Milli Məclisin təyin etdiyi şəxs; Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Ali Məhkəmənin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təyin etdiyi vəkil; Baş Prokurorluğun təyin etdiyi şəxs.
Sədr Məhkəmə-Hüquq Şurası üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Onun səlahiyyət müddəti beş ildir.
Yarandığı ildən Məhkəmə-Hüquq Şurasına ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.
Qurumun hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.