“İran rejiminin İsrail prezidenti İshaq Hersoqun Azərbaycana səfərini pozmağa cəhd göstərə biləcəyi nəzərə alındığından təhlükəsizlik tədbirləri standartdan daha yüksək səviyyədə təşkil olunub”. Novator.az-ın məlumatına görə, İsrailin “Yerusəlim Post” qəzeti belə yazır.
Xəbərdə deyilir: “Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları və İsrailin təhlükəsizlik işçiləri Bakının mühüm bir hissəsini qapalı zonaya çevirib. Minlərlə hərbçi və polis keşik çəkmək əmri alıb. Eyni zamanda görünməmiş bir qərar qəbul olunub: nümayəndə heyəti üzvlərinə telefonlarını mobil şəbəkələrə qoşmaq və səfər zamanı heyətdən aralanmaq yasaq edilib”.
Azərbaycanla İsrail arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1993-cü ildən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Azərbaycanın İsraildə səfirliyi 2022-ci ilin noyabr ayında təsis olunub. Səfirlik Tel-Əviv şəhərində yerləşir. 2023-cü ilin yanvarında prezident İlham Əliyev Muxtar Məmmədovu İsraildə fövqəladə və səlahiyyətli səfir təyin edib, martın 29-da səfirlik açılıb.
“Yerusəlim Post” yazır ki, rəsmi Bakı İranın təxribatlarından, başqa müsəlman ölkələrinin isə Azərbaycanla əlaqələri soyuda biləcəyindən ehtiyatlandığına görə İsraildə səfirlik açmağı uzun illər təxirə salıb.
Qəzetin yazdığına görə, son zamanlar İsraillə Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə arasında münasibətlərin yaxşılaşması Azərbaycanın səfirlik açmağı qərarlaşdırmasına impuls verib. “Yerusəlim Post” İsraillə Türkiyə arasında münasibətlərin yaxınlaşmasında Azərbaycan prezidenti İlham Əliyevin rol oynadığını da vurğulayır.
Qəzet eyni zamanda qeyd edir ki, azərbaycanlı siyasətçilər İsraildə səfirlik açılmasını İranın Ermənistanın Qafan şəhərində baş konsulluq açması ilə əlaqələndirir.
İshaq Hersoq Azərbaycana mayın 30-da gəlib. Paytaxt Bakının beynəlxalq aeroportunda onu baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və başqa rəsmi şəxslər qarşılayıb. Rəsmi qarşılanma mərasimində prezident İlham Əliyev iştirak edib, hər iki nümayəndə heyəti təqdim olunub, ardınca dövlət başçıları təkbətək və geniş tərkibdə görüşüblər.
Mənbə: Jpost.com