Mayın 30-u Azərbaycana səfər edən İsrail prezidenti İshaq Hersoq Bakıda dövlət başçısı İlham Əliyevlə birgə mətbuat nümayəndələri qarşısına çıxıb. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, iki ölkənin ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir: “Lakin növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq.
Bu gün müzakirələr zamanı biz enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.
Həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik.
Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.
Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.
Bu gün qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verildi. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması tapşırılıb ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək”.
İshaq Hersoq deyib ki, iki ölkənin əlaqələrinin dərin kökləri var: “Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır.
Millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir. Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”.
Dövlət başçısı həmkarı ilə İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldığını, bu məsələni dərindən müzakirə etdiklərini vurğulayıb.