Türkiyədə prezident seçkisinin qalibi bəlli olur. Novator.az bildirir ki, mayın 28-də keçirilmiş ikinci turun ilkin nəticələrinə görə, Xalq ittifaqının namizədi, dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 52 faizdən çox səslə önə çıxır, Millət ittifaqının namizədi, parlament üzvü, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu 48 faizə yaxın səs toplayır.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan 1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.
Prezident seçkisinin ilk turu mayın 14-ü parlament seçkisi ilə birgə keçirilmiş, Rəcəb Teyyub Ərdoğan 49,52 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz, Ata ittifaqının namizədi, müstəqil siyasətçi Sinan Oğan 5,17 faiz, liderlik etdiyi Məmləkət Partiyasının namizədi, mayın 11-də yarışdan çəkilmiş Məhərrəm İncə 0,43 faiz səs almışdı.
Parlament seçkisinin nəticələrinə görə, Xalq ittifaqı (Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Yenidən Rifah Partiyası, Böyük Birlik Partiyası) 600 nəfərlik Türkiyə Böyük Millət Məclisində 323 mandata sahib çıxıb.
Millət ittifaqı (Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası, Səadət Partiyası, Demokrat Partiyası) 212 mandat alıb.
Əmək və Azadlıq ittifaqı (Yaşıllar və Sol Gələcək Partiyası, Xalqların Demokratik Partiyası, Əmək Partiyası, Türkiyə Fəhlə Partiyası) 65 mandat əldə edib.