Azərbaycan prezidenti İlham Əliyev mayın 25-i Moskvada rusiyalı həmkarı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla bir araya gəlib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin dinc çözümü müzakirə olunub.
AZƏRTAC-ın məlumatına görə, görüşün mediaya açıq hissəsində çıxış edən Vladimir Putin deyib ki, nizamlanma prosesinin əsas istiqamətlərindən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir: “Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin bir həftədən sonra görüşməsini qərara aldıq: “Onlar hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu razılaşma indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.
Sülh danışıqlarında əsas məsələlərdən biri bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsidir.
2021-ci ildə regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. İşçi qrupda Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı baş nazirin müavini Aleksey Overçuk, Ermənistanı baş nazirin müavini Mger Qriqoryan təmsil edir.