Milli Məclisə “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər layihəsi daxil olub. AZƏRTAC xəbər verir ki, Məhkəmə-Hüquq Şurasında icra hakimiyyəti orqanları nümayəndələrinin sayı azaldılır, hakim üzvlərin sayı artırılır. Layihəyə görə, Məhkəmə-Hüquq Şurasının hakim üzvlərini (Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim istisna olmaqla) hakimlərin konfransı seçəcək, sədr hakim üzvlər arasından seçiləcək.
Məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan kimi 2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarətdir. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.
Qalan üzvlərin səlahiyyət müddəti beş il, müəyyənləşmə mexanizmi belədir: prezidentin təyin etdiyi şəxs; Milli Məclisin təyin etdiyi şəxs; Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Ali Məhkəmənin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təyin etdiyi vəkil; Baş Prokurorluğun təyin etdiyi şəxs.
Sədr Məhkəmə-Hüquq Şurası üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Onun səlahiyyət müddəti beş ildir.
Novator.az bildirir ki, yarandığı ildən Məhkəmə-Hüquq Şurasına ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir. Qalan üzvlər bunlardır: İnam Kərimov (Ali Məhkəmənin sədri), Fuad Ələsgərov (prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri), Nizami Səfərov (Milli Məclisin deputatı), Rafael Qvaladze (Konstitusiya Məhkəməsinin hakimi), Hafiz Nəsibov (Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri), Sənan Hacıyev (Ali Məhkəmənin Mülki Kollegiyasının sədri), Mübariz Əkbərov (Bakı Apellyasiya Məhkəməsinin sədri), Tofiq Paşayev (Sumqayıt Apellyasiya Məhkəməsinin sədri), Səadət Bəktaşi (Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri), Xəqani Tağıyev (Gəncə Şəhər Məhkəməsinin sədri), Şəlalə Həsənova (Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini), Azər Cəfərov (ədliyyə nazirinin müavini), Anar Bağırov (Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri), Heydər Məmmədov (baş prokurorun müavini).
Məhkəmə-Hüquq Şurasının inzibati binası Bakının Zahid Xəlilov küçəsində (540-cı məhəllə) yerləşir. Qurumun hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.