Mayın 26-da prezident İlham Əliyev Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs yaradılmasına fərman verib. Sənədə görə, 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərəcək.
2022-ci il iyulun 21-də yaradılmış Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bölgənin işğaldan azad olunmuş ərazilərinə (Şuşa rayonu istisna olmaqla) məsuldur.
Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.