Nazirlər Kabineti arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydasını təsdiqləyib. Qaydaya görə, milli arxiv fondunun tərkibinə daxil edilən arxiv sənədləri idarə arxivlərində müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra daimi dövlət mühafizəsi məqsədilə dövlət arxiv xidməti təşkilatlarına təhvil verilir. Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi üçün hazırlanmasını ekspert komissiyası sənədlərin dəyərinin ekspertizasını aparmaqla həyata keçirir. Tərkibində qurumlar olan təşkilatlarda daimi fəaliyyət göstərən mərkəzi ekspert komissiyası yaradılır. Ekspert komissiyaları daimi mühafizə olunmalı sənədləri, işləri seçir, onların arxiv siyahılarını tərtib edir. Dövlət arxiv xidməti təşkilatının ekspert yoxlama komissiyası daxil olan arxiv siyahılarına baxaraq onları qərarla təsdiq edir və ya təqdim olunan arxi siyahılarında uyğunsuzluq aşkar edildikdə yenidən işlənməsi üçün müvafiq təşkilata geri qaytarır.
Dövlət arxiv xidməti təşkilatının komplektləşdirmə mənbəyi olan təşkilatların arxiv fondu sənədləri dövlət arxiv xidməti təşkilatının ekspert yoxlama komissiyasında təsdiq edilmiş arxiv siyahıları
əsasında idarə arxivlərində müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra daimi dövlət mühafizəsinə təhvil verilir.
Fiziki şəxslərin arxiv sənədləri onların şəxsi mülkiyyətidir. Fiziki şəxs vəfat etdikdə onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun vərəsəsinə, vəfat etmiş fiziki şəxsin vərəsəsi olmadığı halda dövlətə keçir. Fiziki şəxsin mülkiyyətində olan arxiv sənədlərini onun özü və ya vərəsəsi dövlət arxiv xidməti təşkilatına daimi mühafizəyə təhvil verə bilər.
“Milli arxiv fondu haqqında” qanuna görə, milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri belədir:
respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün – 15 il;
rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün – 5 il;
yerli özünüidarəetmə orqanlarının sənədləri üçün – 5 il;
elmi-texniki sənədlər üçün – 15 ildən artıq olmamaq şərti ilə, praktiki əhəmiyyətini saxladığı müddətə;
kino, foto, fono sənədlər və videoyazılar üçün – 3 il;
vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri üçün – 75 il;
2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər üçün – 75 il;
2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri üçün – 75 il;
digər işçi heyət üzrə sənədlər üçün – 35 il.