2024-cü il noyabrın 5-i ABŞ-da prezident seçkisinin ilk raundu keçiriləcək. Həmin gün 50 ştat və 1 federal dairədən xüsusi nümayəndələr – Seçicilər Kollegiyası seçiləcək. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası prezidenti seçməli, bu barədə qərar Konqresin aşağı və yuxarı palatalarının birgə iclasında təsdiqlənməlidir.
Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.
2021-ci il yanvarın 20-dən prezident postunu tutan Demokratlar Partiyasının üzvü Cozef Bayden 2024-cü ilin seçkisində də namizəd olacağını bəyan edib.
1942-ci il təvəllüdlü Cozef Baydenin əsas potensial rəqibi sabiq prezident, Respublikaçılar Partiyasının üzvü Donald Trampdır.
1946-cı il təvəllüdlü Donald Tramp 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək dövlət başçısı olub.
Novator.az bildirir ki, Respublikaçılar Partiyasından prezidentliyə daha bir iddiaçı var: Ronald Dion Desantis.
Ron Desantis 1978-ci il sentyabrın 14-ü Florida ştatının Ceksonvill şəhərində doğulub. Danidin şəhərində böyüyüb, orada orta məktəbi bitirib, həmçinin katolik məktəbinə gedib.
Yel Universitetində tarix, Harvard Universitetində hüquq ixtisası üzrə təhsil alıb. 2004-2010-cu illərdə ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət keçib, müstəntiq, prokuror, hüquq məsləhətçisi vəzifələrində çalışıb, ABŞ-ın Kubadakı Quantanamo hərbi dəniz bazasındakı həbs düşərgəsində operativ qrupa rəhbərlik edib, İraqda xüsusi təyinatlı dəstə komandanının hüquqi məsələlər üzrə məsləhətçisi olub.
2012, 2014, 2016-cı illərdə Florida ştatından ABŞ Konqresinin alt qanadı olan Nümayəndələr Palatasına seçilib, bir neçə alt komitəyə, o cümlədən milli təhlükəsizlik, mülki təhlükəsizlik, mülki hüquq və azadlıqlar, miqrasiya və iqtisadi siyasət, məhkəmələr, internetdə intellektual mülkiyyət hüquqları, Yaxın Şərq və Cənubi Asiya üzrə alt komitələrə sədrlik edib.
2018 və 2022-ci illərdə Florida ştatının qubernatoru seçilib. Evlidir, iki qızı, bir oğlu var. Respublikaçılar Partiyasının üzvüdür.
İtalyan kökləri olan Ron Desantis katolikdir.