Prezident İlham Əliyev mayın 25-də Rusiyanın paytaxtı Moskvaya işgüzar səfərə gedib. AZƏRTAC xəbər verir ki, Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və başqa rəsmi şəxslər qarşılayıb.
Prezident Moskvada rusiyalı həmkarı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla bir araya gələcək. Üçtərəfli görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin dinc çözümünün müzakirəsi gözlənir.
İlham Əliyevin Avrasiya Ali İqtisadi Şurasının iclasında iştirak edəcəyi də bildirilir. Şura Avrasiya İqtisadi İttifaqının əsas orqanıdır.
Avrasiya İqtisadi İttifaqını 2014-cü il mayın 29-da Rusiya, Qazaxıstan və Belarus yaradıb. Həmin il oktyabrın 10-da Ermənistan, dekabrın 23-də Qırğızıstan da quruma qoşulublar.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.