İyunun 1-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə yeni qərar və qərardadlar elan edəcək. Aihmaz.org xəbər verir ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun şikayətində qurumun ofisində axtarış aparılmasının, sənədlərin, kompüterlərin və başqa texniki avadanlıqların, möhür və ştampın götürülməsinin qanunsuz olduğu vurğulanır, Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş şəxsi həyata hörmət, birləşmək, mülkiyyət hüquqlarının pozulduğu iddia edilir.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Emin Hüseynov rəhbərlik edir. 2014-cü ildə Emin Hüseynova qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.
Ayxan Axundov, Bəsti Orduxanova və Lətif Əhmədovun şikayətləri mülkiyyət məsələlərini əhatə edir.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.