Moskva səfərində olan prezident İlham Əliyev mayın 25-də Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibdə iclasına qonaq qismində qatılaraq çıxış edib.
Avrasiya Ali İqtisadi Şurası Avrasiya İqtisadi İttifaqının əsas orqanıdır. İttifaqı 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb, həmin il Ermənistan və Qırğızıstan da quruma qoşulublar.
25 may sammitinə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Ermənistanın baş naziri Nikol Paşinyan qatılıblar.
Həmin gün İlham Əliyev Vladimir Putinlə görüş də keçirib.
İlham Əliyevin Vladimir Putin və Nikol Paşinyanla üçtərəfli görüşündə isə Azərbaycan-Ermənistan münasibətlərinin dinc çözümünün müzakirəsi gözlənir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.