UEFA Çempionlar Liqasının 2023-2024 mövsümündə Azərbaycanı təmsil edən “Qarabağ” komandası birinci mərhələdə start götürür. Novator.az bildirir ki, həmin raundda “Qarabağ”a rəqib ola biləcək bu komandalar bəllidir: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Aris” (Kipr), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmeyras” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).
İlkin mərhələni dəf edəcək komandanın (“Breydablik” (İslandiya), “Atletik” (Andorra), “Tre Penne” (San Marino) komandalarından birinin) da “Qarabağ”ın qarşısına çıxması mümkündür.
Qrup mərhələsinə düşmək üçün “Qarabağ” dörd raund dəf etməlidir.
1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” 1977-ci ilədək “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb, 1 dəfə Azərbaycan SSR-in, 10 dəfə müstəqil Azərbaycanın çempionu olub, 7 dəfə Azərbaycan kubokunu qazanıb.
Komanda 2014-cü ildən başlayaraq Avropanın klub turnirlərində təsnifat mərhələlərini keçib.
2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərinə Çempionlar Liqasında başlayan “Qarabağ” sonra Avropa Liqasına adlayaraq qrup mərhələsində mübarizə aparıb.
2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.
2021-2022-ci il mövsümündə “Qarabağ” Konfrans Liqasının 1/16 finalına qədər irəliləyib.
2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına adlayıb, sonra Konfrans Liqasına ələnib və 1/16 finalda uduzub.