2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin ölümü dalğasında İranı bürüyən etiraz aksiyalarının qaynar nöqtələrindən biri də paytaxt Tehranın Ekbatan qəsəbəsi olub. İndi hakim rejim həmin qəsəbədə xüsusən üstüaçıq iaşə obyektlərini sökməklə məşğuldur. Əsas hədəf Kövsər bazarında gənc oğlan və qızların səhər-axşam bir araya gəldiyi kafelər, çayxanalar, klublardır.
Novator.az saytı mərkəzi ofisi ABŞ paytaxtı Vaşinqtonda yerləşən “İran İnternational” kanalına istinadla xəbər verir ki, söküntünü mayın 14-dən çevik polis alayının, qara maskalı təhlükəsizlik əməkdaşlarının və “Bəsic” (İnqilab Keşikçiləri Korpusunun nəzdində fəaliyyət göstərən könüllülər dəstəsi) üzvlərinin dəstəyi ilə bələdiyyə işçiləri aparır.
Rəsmilər söküntünü ərazidəki bəzi iaşə obyektlərinin, xüsusən üstüaçıq obyektlərin lisenziyasız fəaliyyət göstərməsi, sakinlərin bu yöndə şikayətləri ilə əsaslandırır. Ancaq “İran İnternational” bunu “qiyamçı qəsəbə”nin cəzalandırılması, həmçinin Ekbatanda bu gün də hicab qaydalarına riayət olunmadığının üstüaçıq kafelərdə, çayxanalarda daha aydın nəzərə çarpması ilə bağlayır. Kanal qeyd edir ki, Ekbatan incəsənət adamlarının, əsasən rəssamların, eyni zamanda gənclərin, ictimai fəalların tez-tez toplaşdığı məkan kimi tanınır. 45 min sakinin yaşadığı 5 kvadrat kilometrlik ərazidə 15 mindən çox ev və “Bəsic” dəstəsinin 4 bazası var.
“İran İnternational”a danışan ekbatanlı gənclərdən biri deyib ki, təhlükəsizlik orqanlarının əməkdaşları bəzi kafelərdə dərindən axtarış aparıblar: “Buradakı obyektlərin bir qismi uzun illərdir fəaliyyət göstərir. Rəsmilər guya sakinlərin həmin müəssisələrdən şikayət etdiyini söyləyir, amma söküntü hicab məsələsi ilə əlaqədardır”.
Obyektlərdən birinin işçisi “İran İnternational”a bildirib ki, sakinlər əslində obyekt sahibləri ilə həmrəylik nümayiş etdirirlər: “Onlar sökülən obyektlərin işçilərinə yemək alıb gətirir, ərazidə səliqə-sahman yarada bilməkdə onlara kömək edirlər”.
“İran İnternational” xəbər verir ki, Ekbatan sakinləri öz qəsəbələrini zarafatca “Ekbatan Birləşmiş Ştatları” adlandırır. Bildirilir ki, Ekbatanda evlərin, obyektlərin divarlarında dini rejim əleyhinə sərt şüarlara rast gəlmək mümkündür. Məsələn, bir şüarda belə yazılıb: “Bizim qəsəbə islam respublikasının qanunlarına tabe deyil!”
2022-ci il sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini Tehranda tutulub. Əxlaq polisi onu hicab qaydalarını pozma ittihamı ilə saxlayıb. Qadın üç gün sonra xəstəxanada dünyasını dəyişib. Rəsmən təkzib olunsa da, çoxları Məhsa Əmininin fiziki zorakılığa qurban getdiyinə inanır.
Sentyabrın 18-dən başlayaraq İranda bir neçə ay kütləvi etiraz aksiyaları keçirilib. Hüquq müdafiəçilərinin məlumatına görə, aksiyaları yatırtmaq cəhdləri 500-ə yaxın adamın ölümü ilə nəticələnib.
Məhsa Əmini aksiyaları İranda dini rejim qurulandan bəri ən kütləvi etiraz hərəkatından biri sayılır. Hərəkat bəzi iranlı qadınların baş örtüyündən və uzun ətəkli dondan imtinasına gətirib çıxarıb. Etiraz hərəkatı dalğasında əxlaq polisini ləğv etmək məcburiyyətində qalmış İran hakimiyyəti son zamanlar hicabsızlığın qarşısını almaq məqsədilə fərqli metodlara əl atır. İşçiləri hicab qaydalarına riayət etməyən, yaxud hicabsız qadınlara xidmət göstərməkdən boyun qaçırmayan obyektlərin bağlanması, cərimələnməsi, sökülməsi də bu sıraya daxildir.
مزدورایی که تو اون محیط بودن میگفتن این کافه ها عامل فساد و فحشا بوده.
جایی که بعد اینهمه سال نه فسادی ازش دیدیم نه فحشایی.
جایی بود که کم میاوردیم میرفتیم یه قهوه میخوردیم و وقتمونو میگذروندیم.
لعنت بر بود و نبودت ج.ا که چیزی جز بدبختی و زجر باهات نیست
نابودتونمیکنیم… pic.twitter.com/SB63qfiAxO— شهرک اکباتان (@shahrak_ekbatan) May 14, 2023
نون مردم آجر میکنین
منتظر باشین که نونتون آجر بشه#زمین_گرده #مهسا_امينی pic.twitter.com/bUj8BiurRM— شهرک اکباتان (@shahrak_ekbatan) May 14, 2023
Mənbələr: Iranintl.com, France24.com, Hammihanonline.ir