Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciətini nəzərə alaraq “İcbari sığortalar haqqında” qanunun 56-cı maddəsini 10.2-ci, 13.1-ci, 13.2-ci, 52.1-ci və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edib. Qərarda qeyd olunur ki, 58.3-cü maddənin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir: “10-cu, 20.4-cü, 56-cı və 58.3-cü maddələrə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.
Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənməsini zərər vurandan tələb edə bilər”.