Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunu imzalayıb. Qanun 2024-cü il yanvarın 1-də (bəzi maddələri 2025-ci il iyulun 1-də və 2028-ci il iyulun 1-də) qüvvəyə minir.
Novator.az bildirir ki, qanuna görə, elektroenergetika sektorunda bazar münasibətləri bu qaydalarla tənzimlənir: topdansatış bazarı qaydaları; balanslaşdırma qaydaları; kommersiya uçotu qaydaları; pərakəndə satış bazarı qaydaları; ötürücü və paylayıcı sistem operatorlarının elektrik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydası; elektrik enerjisi bazarının monitorinqi qaydası.
Sektorda bu işlər icazələr əsasında həyata keçirilir: su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı; elektrik enerjisinin ötürülməsi; elektrik enerjisinin paylanması; 150 kilovatdan yuxarı elektrik qurğularının istismarı; elektrik enerjisinin idxalı və ixracı.
Elektrik enerjisinin ötürülməsinə və elektrik enerjisinin paylanmasına icazə hüquqi şəxslərə, elektrik enerjisinin istehsalına icazə hüquqi və ya fiziki şəxslərə verilir.
Mayın 19-u qanunun tətbiqi üzrə fərman imzalayan prezident Nazirlər Kabinetinə elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsini yeddi ay müddətində hazırlamağı tapşırıb. Kabinet altı ay müddətində elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri təsdiqləməli; sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddəti müəyyən etməli; elektrik şəbəkəsinə dair qaydaları, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfinin həddini, elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısını, qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydalarını, mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısını rəsmiləşdirməlidir.