Mayın 25-i Moskvada Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gələcək. Üçtərəfli görüş anonsunu Ermənistan hökumətinin 18 may iclasında Nikol Paşinyan verib.
Üç ölkənin xarici işlər nazirlərinin (Sergey Lavrov, Ceyhun Bayramov, Ararat Mirzoyan) Moskva görüşü isə mayın 19-na təyin olunub.
Görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulmasının müzakirə olunacağı bildirilir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.