Türkiyədə mayın 14-ü parlament seçkisi ilə birgə keçirilmiş prezident seçkisi qalibi müəyyən etmədi: Xalq ittifaqının namizədi, dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 49,50 faiz, Millət ittifaqının namizədi, millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu 44,89 faiz, Ata ittifaqının namizədi, müstəqil siyasətçi Sinan Oğan 5,17 faiz, liderlik etdiyi Məmləkət Partiyasının namizədi Məhərrəm İncə (mayın 11-də seçki yarışından çəkilsə də, adı bülletendə saxlanmışdı) 0,44 faiz səs aldı.
Rəcəb Teyyub Ərdoğanla Kamal Kılıçdaroğlu mübarizəni mayın 28-nə təyin olunmuş ikinci turda davam etdirəcəklər. Sinan Oğanın həmin yarışda kimi dəstəkləyəcəyi maraq doğurur.
1967-ci il iyulun 1-də doğulan Sinan Oğan Azərbaycan türküdür. İqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Milliyyətçi Hərəkat Partiyasının üzvü, millət vəkili (2011-2015-ci illər) olub.
Novator.az-ın məlumatına görə, Sinan Oğan ikinci turda yarışacaq namizədlərə dəstək şərtlərini belə sıralayıb: PKK, FETÖ, “Hizbullah” və başqa terror qurumları ilə ardıcıl mübarizə; mühacirlərin bəlli bir zaman kəsimində ölkələrinə qaytarılması; Xalqların Demokratik və Hür Dava partiyalarının hökumətdə hər hansı şəkildə təmsil olunmaması; konstitusiyanın 1, 2, 3, 4 və 66-cı maddələrinə toxunmamaq zəmanəti verilməsi.
Xalqların Demokratik və Hür Dava partiyaları kürdlərə bağlı qurumlardır. Türkiyədə çoxluq hər iki partiyanı ölkəni parçalamaq istəyən separatçı qüvvələrin siyasi qanadı sayır.
Kamal Kılıçdaroğlu prezident seçkisində Xalqların Demokratik Partiyasından müəyyən dəstək alıb.
Hür Dava Partiyası Rəcəb Teyyub Ərdoğanın tərəfini tutub.
Millətçilərin bir qismi Xalqların Demokratik və Hür Dava partiyalarına görə həm Rəcəb Teyyub Ərdoğandan, həm də Kamal Kılıçdaroğludan üz döndərib, ilk turda Sinan Oğana səs verib.
Konstitusiyanın 1, 2 və 3-cü maddələrinin əsas hökmlərinə görə, Türkiyə respublika quruluşlu, bölünməz, dünyəvi, demokratik dövlətdir. 4-cü maddə ilk üç maddənin dəyişməzliyini nəzərdə tutur, 66-cı maddə vətəndaşlığı təminat altına alır.
Türkiyə seçkilərinin ilkin nəticələri