Türkiyədə mayın 14-də keçirilmiş qoşa seçki yenə Ədalət və İnkişaf Partiyasını önə çıxarıb. Parlament seçkisinin ilkin nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər olub) 600 nəfərlik qanunverici orqana 267 mandatla düşür, onun Xalq ittifaqındakı müttəfiqləri – Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5 mandat götürür.
Prezident seçkisində Xalq ittifaqının namizədi, dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 49,50 faiz, Millət ittifaqının namizədi, parlament üzvü, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu 44,89 faiz səslə göstərilir. Onlar mübarizəni mayın 28-nə təyin olunmuş ikinci turda davam etdirəcək.
Novator.az bildirir ki, 2001-ci il avqustun 14-də yaradılmış Ədalət və İnkişaf Partiyası əvvəllər 6 parlament, 4 bələdiyyə, 2 prezident seçkisində, 3 referendumda qalib olub.
Partiya 3 noyabr 2002-ci ilin parlament seçkisində 550 nəfərlik qanunverici orqana 363 mandat qazanaraq təkbaşına hökumət qurub.
22 iyul 2007-ci ilin seçkisində 550 mandatın 341-ni, 12 iyun 2011-ci ilin seçkisində 327-ni götürən Ədalət və İnkişaf Partiyası hakim statusu saxlayıb.
7 iyun 2015-ci ilin seçkisində 550 mandatın 258-ni alan Ədalət və İnkişaf Partiyası təkbaşına hökumət qura bilməyib, koalisiya danışıqları isə uğursuz olduğu üçün növbədənkənar seçkiyə gedilib. 1 noyabr 2015-ci ilin parlament seçkisində 317 mandat götürən Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.
Partiya 28 mart 2004-cü ilin, 29 mart 2009-cu ilin, 30 mart 2014-cü ilin, 31 mart 2019-cu ilin bələdiyyə seçkilərində də üstün gəlib.
Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə konstitusiyaya yenilik referendumları keçirilib. 21 oktyabr 2007-ci ilin və 12 sentyabr 2010-cu ilin referendumlarında parlament idarəçiliyi cilovlanıb, 16 aprel 2017-ci ilin referendumunda prezident idarə üsuluna keçid təklifi dəstək qazanıb. Yeniliklər 2007-ci il referendumunda 68,95 faiz, 2010-cu il referendumunda 57,88 faiz, 2017-ci il referendumunda 51,18 faiz səslə dəstəklənib.
Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən 2014-cü il avqustun 28-dək baş nazir olub. 28 avqust 2014-cü ildən prezidentdir. O, həmin il avqustun 10-da keçirilmiş ilk ümumxalq seçkisində 51,79 faiz səslə prezident seçilib.
24 iyun 2018-ci ildə parlament və prezident seçkiləri keçirilib. Prezident seçkisində Rəcəb Teyyub Ərdoğan 52,59 faizlə qalib gələrək həm də hökumət başçısı statusu alıb.
Ədalət və İnkişaf Partiyası 600 nəfərlik parlamentə 295, onun Xalq ittifaqındakı müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası 49 mandat əldə edib.