Türkiyədə mayın 14-də keçirilmiş qoşa seçkinin ilkin nəticələri rəsmiləşib. Novator.az bildirir ki, prezident seçkisində Xalq ittifaqının namizədi, dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 49,50 faiz, Millət ittifaqının namizədi, millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu 44,89 faiz səslə önə çıxıblar.
Ata ittifaqının namizədi, müstəqil siyasətçi Sinan Oğan 5,17 faiz səslə üçüncü olub.
Liderlik etdiyi Məmləkət Partiyasının namizəd göstərdiyi, mayın 11-də seçki yarışından çəkilmiş Məhərrəm İncə 0,44 faiz səs alıb.
Rəcəb Teyyub Ərdoğanla Kamal Kılıçdaroğlu mübarizəni mayın 28-nə təyin olunmuş ikinci turda davam etdirəcəklər.
Xaricdə yaşayan Türkiyə vətəndaşları üçün ilk turun səsverməsi aprelin 27-də başlayıb mayın 9-da (sərhəd məntəqələrində mayın 14-də) bitib. İkinci turun səsverməsi 20-24 mayda olacaq.
600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə Xalq ittifaqından Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər olub) 267, Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5 mandatla düşür.
Millət ittifaqından Cümhuriyyət Xalq Partiyası (ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər vermişdi) 169, Yaxşı Partiya 44 mandat götürür.
Əmək və Azadlıq ittifaqından Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər olub) 61, Türkiyə Fəhlə Partiyası 4 mandat əldə edir.
1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.
1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.
1948-ci il dekabrın 17-də doğulan Kamal Kılıçdaroğlu iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.
2002-ci ildən parlamentin üzvüdür.
Cümhuriyyət Xalq Partiyasına 2010-cu ildən sədrlik edir.