Bakı Apellyasiya Məhkəməsi Dövlət Sosial Müdafiə Fondu ilə çəkişən siyasətçi İsa Qəmbərin şikayətinə baxıb. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, şikayətdə Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il qərarının ləğvi istənmişdi, ancaq apellyasiya instansiyasında 10 may prosesi şikayətin təmin olunmaması ilə bitib: “Qərarla razı deyilik, Ali Məhkəməyə müraciət edəcəyik”.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə parlamentin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavatın başqanı postunu tutan İsa Qəmbər hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir.
2022-ci il fevralın 24-də pensiya yaşına – 65 yaşa çatan İsa Qəmbərə mayın 11-də yaşa görə 180 manat müavinət kəsilib (hazırda müavinətin məbləği 220 manatdır). Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2022-ci ildə 34560 manat idi, hazırda 40320 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib.
Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsində İsa Qəmbərin əmək pensiyası hüququnun pozulduğu qeyd edilmiş, bildirilmişdi ki, ona xüsusi şərtlərlə əmək pensiyası düşür. Məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun boynuna “Əmək pensiyaları haqqında” qanuna riayət etmək, Milli Məclisin sədri olmuş İsa Qəmbərə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsmək öhdəliyi qoyulması istənmiş, ancaq 2022-ci il sentyabrın 12-də Bakı İnzibati Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun İsa Qəmbərə yaşa görə müavinət kəsmək qərarını haqlı saymış, bundan sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdu.
Sabiq dövlət başçısına 180 manat…
İsa Qəmbərin şikayətinə baxılacaq
Məzuniyyət məhkəməni başqa vaxta apardı
Məhkəmə 180 manat qərarını haqlı saydı
Pensiya çəkişməsi yeni mərhələyə gedir
İsa Qəmbər apellyasiya şikayəti verdi