Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimdə yeni ideya gündəmə gəlib. Novator.az bildirir ki, mayın 15-i Xankəndi şəhərinin baş meydanında bir qrup şəxsin keçirdiyi mitinqdə “Vahid Vətən Partiyasının sədri” Samvel Babayanın “dövlət naziri” (hökumət başçısı) təyin olunması təklifi irəli sürülüb, rejimin başçısı Araik Arutunyana belə tələb ünvanlanıb.
Aksiyada çıxış edən Samvel Babayan əsas planlarından birinin bölgədə peşəkar ordu yaradılması olduğunu deyib.
1965-ci ildə Xankəndidə doğulmuş Samvel Babayan 1993-1999-cu illərdə Yuxarı Qarabağdakı separatçı hərbi qüvvələrə komandanlıq edib. Azərbaycan torpaqlarında törədilmiş qanlı cinayətlərin əsas iştirakçılarından biridir. 2020-ci ilin may-noyabr aylarında “Təhlükəsizlik Şurasının katibi” olub.
2000-ci ildə o, separatçıların lideri Arkadi Qukasyana sui-qəsd təşkilində günahlandırılaraq 14 illik həbs cəzası alıb, 4 il 6 aydan sonra əfv edilib.
Samvel Babayan 2017-2018-ci illərdə Ermənistanda cinayət yolu ilə əldə olunmuş gəliri leqallaşdırmaq, hərbi sursatın qanunsuz əldə olunması, saxlanması və daşınmasına təhrik ittihamları ilə həbsdə yatıb.
Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimdə Qurgen Nersisyan “dövlət naziri”dir.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı rayonları işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
Araik Arutunyan 2020-ci ildən rejim başçısıdır.