Novator.az Türkiyədə mayın 14-də keçirilmiş qoşa seçkinin ilkin nəticələrinə nəzər salıb.
600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə üç ittifaq mandat alır.
Xalq ittifaqından Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var) 266, Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5 mandat qazanır.
Millət ittifaqından Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var) 169, Yaxşı Partiya 44 mandat götürür.
Əmək və Azadlıq ittifaqından Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var) 62, Türkiyə Fəhlə Partiyası 4 mandat əldə edir.
Prezident seçkisində dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan (Xalq ittifaqının namizədi) 49,4 faiz, millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu (Millət ittifaqının namizədi) 44,9 faiz, müstəqil siyasətçi Sinan Oğan (Ata ittifaqının namizədi) 5,2 faiz, Məhərrəm İncə (lideri olduğu Məmləkət Partiyasının namizədi) 0,4 faiz səs toplayır (Mayın 11-də namizədliyini geri götürüb).
Bu nəticələr ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxdığını göstərir.
1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.
1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.
1948-ci il dekabrın 17-də doğulan Kamal Kılıçdaroğlu iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.
2002-ci ildən parlamentin üzvüdür.
Cümhuriyyət Xalq Partiyasına 2010-cu ildən sədrlik edir.